Söz dünyasının günəşi - Nizami Gəncəvi

Söz dünyasının günəşi - Nizami Gəncəvi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı Nizami Gəncəvi yaradıcılığına, bütövlükdə, Azərbaycan ədəbiyyatına dövlət səviyyəsində verilən yüksək qiyməti ifadə edir.

Qüdrətli qələm sahibi, söz mülkünün sultanı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir. XII əsrə qədərki elmi, dini, ədəbi-mədəni dəyərləri özündə bir məcmu halında birləşdirən, əsrlərdən bəri sevilə-sevilə oxunub bu gün də ürəkləri fəth edən Nizami ədəbi irsi bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış, özündən sonra böyük ədəbi məktəb yaratmışdır. Öz ecazkar söz sənəti ilə Nizami Gəncəvi dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını ölməz “Xəmsə”sində açıb göstərməyə nail olmuşdur. Digər tərəfdən dahi şairin rəvan dili və onun şairlik qabiliyyəti buna rəvac vermişdir. Heç şübhəsiz ki, nə özündən əvvəlki sələfləri, nə də ondan sonrakı xələflərinin heç biri hələ sağlığında “Dahi”, “Mütəfəkkir”, ”Filosof”, “Həkim” və “Şeyx” kimi ali titulları ala bilmişdir.

Şərq ədəbiyyatına Nizami Gəncəvinin təsir qüvvəsi daha bariz şəkildə özünü göstərir. Təkcə onu demək kifayətdir ki, yüzdən artıq şair “Xəmsə” yaratmağa çalışsa da, Nizamiyə çatmamışlar. Bunların içərisində böyük özbək şairi Əlişir Nəvainin türkcə yazdığı Xəmsə qənaətbəxşdir. Ə.Nəvai dönə-dönə Nizamini özünə layiqli müəllim hesab edir. Onu qeyd etmək yerinə düşər ki, Şərqdə 400-dən artıq “Leyli və Məcnun“ adlı dastan, hekayə və məqalə yazılmışdır. Bu da Nizami təsirini aydın şəkildə göstərir. Ümumiyyətlə, Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir.

İnsanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı ilə Nizami Gəncəvi dünya miqyasında seçilən simalardandır. Nizami yaradıcılığı bir ümmandır ki, onda elmin bütün sahələrinə aid istənilən fikri tapmaq olar.Yaratdığı zəngin söz ümmanında mütəfəkkir şair elmin, sözün dəyərini layiqincə vermiş, sözü nitq dili, insanın daxili aləmi hesab etmişdir. “Sirlər xəzinəsi”ndə oxuyuruq:

 Söz eşqin lüğətində öz canımızdır bizim,

 Biz-sözük, görkəmimiz-eyvanımızdır bizim.

Sözə bu qədər dəyər verən Nizami onu yaradılışın, dünyanın əsası hesab edir, hər şeyin mayasında sözü görür. Dahi şair dünyanın yaradılışının ilk sözdən ibarət olması, Tanrı tərəfindən “Kun – Ol” əmri ilə bəşəriyyətin yaranmasına işarə edir. Deməli, Uca Yaradan hər şeydən əvvəl sözü yaratmışdır. Yalnız həqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa, bu sözün sayəsində yaşamağa qadirdirlər.

Söz olmasa, yerində dünya donardı sözsüz,

Nə qədər söz dedilər, yenə əksilmədi söz.

İlk dəfə tərpənəndə sözdən güc aldı qələm,

Sözdən doğuldu ilk hərf şahiddir bütün aləm.

Xəlvət pərdəsini qaldırdılar, atdılar,

Öncə söz cüvələndi, sözdən can yaratdılar.

Şairin fikrincə, söz dirilik suyudur, cahanın şah damarını açan, onu təzələyən sözdür. “Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq”, – deyən şair insan şəxsiyyətinin kamilliyini, bütövlüyünü onun sözünün dəyərində görür, sözü qızıldan qiymətli hesab edir:

Mədən söz və qızılı təklif edib sərrafa,

Sərraf tərəzisində söz qızıldan çox baha!

Təzə söz, köhnə altun… hansı hakim kəsilir?

Söz hara, qızıl hara? Bunu sözdoğan bilir!

Öz qüvvəsilə gedər söz qasidi... tövşüməz,

Söz qaldıran dağları qaldıra bilməz heç kəs.

Sözə bu qədər dəyər verən mütəfəkkir şair hər əsərində ifadə etdiyi bu cür fikirlərin haqqını öz qələmi ilə verir, sözün məsuliyyətini ön plana çəkir. Ölçülüb-biçilməmiş, dağınıq sözlərdən uzaq olmağı, hər sözə zərgər dəqiqliyi ilə yanaşmağı tələb edir. Nizami hökmdar qarşısında deyil, yalnız sözün qarşısında diz çökməyi qəbul edir. Sözünün, yaratdığı əsərin qüdrətilə söz köhləninə qalxan, dünyaları, ölkələri fəth edən şair hökmdardan üstündür. Qələm, şahlardan fərqli olaraq qılınca və orduya ehtiyac hiss etmədən ürəkləri, ölkələri tutmağa qadirdir. Bu səbəbdən söz məğrur və əzəmətlidir, heç bir şahın qarşısında baş əyməz.

Kimin söz pərdəsində ahəngi var, sehri var,

Özü yerdə olsa da, ruhu göylərdə yaşar.

Dizi üstə söz yazıb, ölkələri tutan kəs,

Dünyada heç bir kəsin qapısında baş əyməz!

Nizaminin yaşadığı zaman ağıl və idrak dövrü idi. Orta əsrlərin dini ehkamına, mövhumatına ağlı-kamalı qarşı qoyurdu. Nizami də intibahın ən böyük nümayəndələrindən biri kimi ağıl məsələsinə xüsusi diqqət yetirir, insanın özünü dərk etməsində onun rolunu, ağlın insana arxa olduğunu yazırdı. Dahi şair ağıllı adamı mələk adlandırır, ağıllı insanda yerlə göyün birləşdiyi fikrini irəli sürür.

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

Kim ki yetişmədi ağıldan bara,

Oxşar insansifət əjdahalara.

Zirək adam, insan mələkdir, mələk.

Zirəklik gözəldir, əcəbdir, gerçək.

Nizami irsinin görkəmli tədqiqatçılarından olan görkəmli şərqşünas, professor Y. Bertelsin “dünya ədəbiyyatında misli görünməmiş bir əsər” adlandırdığı “Xosrov və Şirin”də Nizami sözün təsir gücünü, tərbiyəvi əhəmiyyətini, insanı kamilliyə aparan yolda əsas vasitə olduğunu önə çəkir. Nizami Xosrovla Fərhadın deyişməsində də hökmdarın deyil, Fərhadın sözlə qələbəsini əks etdirir. Həyata oyun-oyuncaq kimi baxan Xosrovu Şirinin öyüd-nəsihəti, müəllimi Büzürgümidin “Kəlilə və Dimnə”dən danışdığı qırx hekayət ilə dəyişdirir, mənən kamilləşməsinə, yetkin bir şəxsiyyətə çevrilməsinə kömək edir. Əsərin sonunda Xosrovun dünya, həyat, mənəviyyat məsələləri ilə maraqlandığını, alim və bilicilərin məsləhətlərini dinlədiyini, dövlət işlərində ədalətli bir şah olduğunu görürük. Bütün bunlar “varlığın anası sözdən gözəl övlad doğmayıb”,– deyən dahi söz ustasının elmə, biliyə, sözə və mütaliəyə nə qədər dəyər verdiyini göstərir.

Sözün dəyəri, təsir gücü, insanı kamilləşdirməsi yolunda ifadə etdiyi dəyərli fikirləri dahi şair oğlu Məhəmmədə nəsihətində də aydın, ibrətamiz dillə ifadə edir. “Xosrov və Şirin” əsərində “Bilik kəsb etməklə dünyanı qazan” deyən şair “Leyli və Məcnun”da övladına elmlərə vaqif olmağı, kamilləşmək yolunda elmi mütaliəni əsas sayır. Bu sözlər ağsaqqal nəsihəti, ata öyüdü kimi bu gün də əhəmiyyətlidir.

Ucalmaq istəsən, bir kamala çat,

Kamala ehtiram göstərər həyat.

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

Elmlər elmidir demiş Peyğəmbər,

Din elmi, təbabət elmi müxtəsər.

Bir elm öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Şair öz qəhrəmanlarını mütaliə edən, alimlərin əhatəsində olan, müəllimlərinin öyüd-nəsihətləri ilə kamilləşən obrazlar kimi təqdim edir. Dünyanı fəth edən İsgəndər mütaliəyə ciddi fikir verir, uzaq səfərlərə çıxarkən özü ilə kitablar aparır, ələ keçirdiyi ölkələrdən qiymətli kitabları toplayıb gətirir, onları tərcümə etdirir, yeni kitabxanaların yaradılmasına çalışır. Kitabı xəzinələrə bərabər tutan İsgəndər:

Əmr etdi: tez gəlsin, atlansın vəzir.

Orda kitabxana varsa nə qədər,

İşarə elədi, tez gətirsinlər.

Hər çeşid elmdən dəyərli sözlər,

Hər incə hikmətdən açdı bir dəftər.

Yunana göndərdi tərcüman ilə,

Çevirsin bir dildən başqa bir dilə.

Padşahın əmriylə gəldi Ərəstu,

Durmadan at çapsın Yunana doğru.

Rövşənək xanımı alsın bərabər,

Götürsün xəzinə, kitab və dəftər.

Kitabı dürr, kitabxananı dürr ümmanına bənzədən, bilik xəzinəsi adlandıran şair kitabı və mütaliəni bəşəriyyətin ən vacib inkişaf vasitəsi, kəşfi hesab etmişdir. Dünyanın görkəmli alimləri, mütəfəkkirləri, filosofları, şair və yazıçıları kitabın və kitabxananın şəninə, şöhrətinə qiymətli fikirlər irəli sürmüş, söz söyləmiş, kəlamlar yaratmışlar. Ancaq dahi Nizaminin kəlamları bunların içərisində bir zirvə kimi parlayır və əsrlər keçdikcə parlaqlığını artırır.

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Ərəbcə, dəricə, yeri düşərkən,

Buxari, Təbəri əsərlərindən,

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxardım.

Əlimə yetişən hər bir varaqdan,

Nüsxələr bağladım mən zaman-zaman.

Böyük iftixar hissi ilə deyə bilərik ki, Nizami təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin qəbul etdiyi bir simadır. Nizami yaradıcılığının nəşri, tədqiqi və təbliği bu gün də diqqət mərkəzindədir və bu sahədə atılan hər bir uğurlu addım insanları böyük Azərbaycan şairinin ölməz bəşəri ideyalarına daha da yaxınlaşdırır, bəşəriyyətin xoşbəxtliyi uğrunda mübarizədə onun fikir dünyasına müraciət olunur. Böyük söz ustasının “Sirlər xəzinəsi” poemasının və “Nizaminin hikmət və nəsihətləri” kitabının Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi də söz sənəti mülkünün sultanının yaradıcılığına verilən böyük qiymətin daha bir ifadəsidir.

Şərəbanı Məmmədova

Naxçıvan Dövlət Universitetinin müəllimi

“Şərqin səhəri”qəzeti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM