İtaliya mətbuatında “Xarıbülbül” musiqi festivalı haqqında məqalələr yayımlanıb

İtaliya mətbuatında “Xarıbülbül” musiqi festivalı haqqında məqalələr yayımlanıb

İtaliyanın “Giornale Diplomatico”, “Agenzia Nova”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalına həsr olunmuş məqalələr dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə festivalın 32 ildən sonra ilk dəfə qədim mədəniyyət beşiyi Şuşanın əsrarəngiz Cıdır düzündə baş tutduğu qeyd edilib.

Məqalələrdə bildirilib ki, festivalın açılışında çıxış edən Prezident İlham Əliyev festivalın əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının bu günü 30 ilə yaxın səbirsizliklə gözlədiyini və nəhayət, bunun xalqın ötən payızda baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıq sayəsində mümkün olduğunu söyləyib. Prezident vurğulayıb ki, Azərbaycan xalqı məhz bu fədakarlıq nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarını azad edib və azad olunmuş torpaqlar sırasında Şuşa şəhəri də var. “Bu, hamımızın qələbəsidir”, - deyə dövlət başçısı bildirib. Daha sonra o, Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəman azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

İtaliya mətbuatı festivalın Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb: “Tədbirdə Azərbaycanda yaşayan bütün xalqlardan olan sənət adamları iştirak ediblər. “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

Prezident İlham Əliyev Şuşanın tarixindən də danışıb. “Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar”, - deyə o bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətinin Ermənistan tərəfindən dağıdılmış bu beşiyində artıq yenidənqurma prosesinə başlanılıb.

Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festivalın birinci günündə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Bu, “Azərbaycan musiqisində multikulturalizm” şüarı ilə baş tutub. Daha sonra Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi görkəmli Azərbaycan sənətkarlarının unudulmaz ifaları nümayiş olunub.

Festivalın ilk gününə Xalq artisti Polad Bülbüloğlu öz bəstəsi olan “Azərbaycan - Odlar yurdum” və “Şən Azərbaycan” mahnılarını ifa edərək yekun vurub.

“Festival çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Əbədi imzalar” adlı layihə də təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri ilk dəfə olaraq blok şəklində dərc edilib. Bu topluya daxil edilmiş bir çox əsər ilk dəfədir ki, işıq üzü görür. Bu işlərin icrası ilə layihəyə Heydər Əliyev Fondu tərəfindən cəlb edilmiş mütəxəssislər məşğul olub.

Topluya Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun musiqi əsərləri də daxildir. Bu toplu Azərbaycan musiqi ənənələrini, Azərbaycan bəstəkarlarının əsərlərini qorumaq və yeni nəsillər üçün təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. “Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarların əsərlərinin də təqdim olunması nəzərdə tutulur”, – İtaliya mətbuatında qeyd olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər