Bir arzum var: Naxçıvan teatrına akademik statusu verilsin - FOTOLAR

Bir arzum var: Naxçıvan teatrına akademik statusu verilsin<font color=red> - FOTOLAR</font> Bir arzum var: Naxçıvan teatrına akademik statusu verilsin<font color=red> - FOTOLAR</font>

"Kitabi-Dədə Qorqud" dastanında xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımı “Burla xatun"u canlandıran, Azərbaycanın əsilzadə xanımlarının ən xarakterik və koloritli obrazlarından birini yaradan Pəricahan xanım və bu kimi bir çox filmlərdə xalqımızın milli-mənəvi dəyərləri sistemində əsl Azərbaycan qadını obrazlarında rol alan,  ümumxalq sevgisi qazanmış qadın sənətçilərimizdən olan, Azərbaycan xanımının milli davranış etiketlərini özündə daşıyan və yaratdığı bu obrazlarda qəlbimizdə taxt quran xalq artisti Şəfiqə xanım Məmmədova Naxçıvandadır.

Görkəmli teatr və kino aktrisası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, "Şöhrət" və "Şərəf" ordenli Şəfiqə Məmmədova ilə səfərinin məqsədi və təəssüratları barədə söhbətləşmək imkanı əldə etdik. Həmin müsahibəni oxucularımıza təqdim edirik: 

-  Şəfiqə xanım, əvvəla sizə “Şərq qapısı” qəzetinin kollektivi adından xoş gəlmisiniz, – deyirik. Rol aldığınız bütün filmlərdə bir aktrisa kimi hər zaman tamaşaçıların rəğbətini və məhəbbətini qazana bilmisiniz. Bu gün özümü xoşbəxt hesab edirəm ki, sizinlə söhbət etmək imkanı qazandım. Ekranlardan gördüyümdən də gözəl və təravətlisiniz. Hər zaman belə təravətli qalın. İstərdim ki, sizinlə söhbətimizə bu səfərin məqsədi və təəssüratları ilə başlayaq. 

– Əvvəla, onu deyim ki, Naxçıvana bu dəfəki səfərim bu müqəddəs diyara bağlılığımdan irəli gəldi. Daxilimdə o qədər böyük ehtiyac duyurdum Naxçıvanın təmiz havasına, suyuna, gözəl təbiətinə. Sonuncu səfərim 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan olunarkən keçirilən açılış tədbirində iştirakım zamanı olmuşdu. Pandemiyaya görə Naxçıvana iki il həsrət qaldım. Zaman çox keçdi və bu illər ərzində ilk fürsətdə gəlib Naxçıvanı yenidən görməyi planlaşdırırdım. Qismət də bu günə imiş. Bundan öncəki səfərimdə “Əshabi-Kəhf” ziyarətinə gedə bilmədim. Buna zamanın yetmədiyinə görə çox təəssüfləndim. Amma dünən bu arzuma da çatdım. Buraya gəldiyim gün elə həmin müqəddəs yeri ziyarət etdim, arzularımın, niyyətlərimin Allahdan qəbul olunmasını dilədim. Necə xoş hisslər keçirmişəm, necə xoş təəssüratla qayıtmışam oradan, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. O pillələri qalxdıqca elə bil göy qübbələrində addım atırdım. Mənim üçün elə bil bundan savayı başqa bir aləm yoxdu. O natura, o möhtəşəmlik qarşısında elə həyəcanlı idim ki, pillələri qalxdıqca daxilən o qədər hüzur, rahatlıq tapdım. Düşünürdüm ki, ora qalxmaq mənə çətin olacaq, ama yox, birnəfəsə qalxdım. Etiraf edim ki, ağladım da, o həyəcanı gizlətmədim. Açdım sirlərimi, dərdlərimi dedim o müqəddəs məkana, çox palitra hisslər keçirdim.

Dünən ümumiyyətlə Naxçıvanın bir çox yerini gəzdim. 2 il keçməsinə baxmayaraq, çox dəyişiklik gördüm. Mühüm işlər görülüb. Buradakı rahatlığı heç bir yerə dəyişmərəm. Naxçıvandakı tarixilik, qədimiliklə yanaşı, möhtəşəm yeniliklər, təzə-tər nəfəs var. Bu şəhər incəsənət adamlarına harmonik hisslər yaşadır. Bu torpaq müqəddəs torpaqdır. Dünyaya kimləri bəxş etməyib ki?.. Alimləri, sənətkarları, yazıçıları... Bura həqiqətən də müqəddəsdir, çünki heç nə nahaqdan olmur. Hər şey bir-biri ilə vəhdət daşıyır. Ümumiyyətlə, Naxçıvan mənim üçün fərqli bir diyardır. 

Səfərimin məqsədi Naxçıvandakı sənət dostlarımızla görüşmək, buradakı mədəni mühitlə tanış olmaqdır. Sabahkı planımızda ustad dərslərimiz də var. Bu Naxçıvanda keçirilən ilk ustad dərsim olacaq. Pedaqoji fəaliyyət göstərdiyim universitetdə Naxçıvandan aktyor və yaxud rejissor sənətini seçənlərdən heç bir zaman dəstəyimi əsirgəmirəm. Çünki düşünürəm ki, Naxçıvandan Bakıya aktyor sənətini seçib gəlibsə, artıq bu böyük addımdır. Ona görə mən bir aktyor kimi, əsasən də Naxçıvanı sevən bir insan kimi hər zaman onlara dəstək olacağam.

Dünən Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan Dövlət Universitetinin Aktyorluq sənəti kafedrasının kollektivləri ilə görüşüm oldu. Naxçıvan teatrı mənim üçün çox əziz və doğmadır. Mən 1969-cu ildə bu teatrın o zamankı baş rejissoru Vəli Babayevin dəvətilə ilk dəfə Naxçıvana gəlmişdim. Mənim üçün çox əziz olan “Nakam qız” tamaşası, sən demə, bu teatrın repertuarında da vardı. Bir zamanlar eyni fakültənin ayrı ixtisaslarında oxuduğum tələbə yoldaşım Vəli müəllim həmin tamaşanın Naxçıvan teatrında səhnəyə qoyulması üçün məni Naxçıvana dəvət etdi. Və heç məşq etmədən tamaşa səhnəyə qoyuldu. Həmin tamaşa o qədər izdihamla qarşılandı ki. Bu tamaşadakı ifam mənim 3-cü çıxışım idi. Sonra yenidən xahiş etdilər ki, hər kəs iştirak edə bilmədiyindən tamaşa yenidən səhnəyə qoyulsun. Beləliklə bu səhnə mənim üçün çox doğmalaşdı və bundan sonra mənim Naxçıvana tez tez səfərlərim oldu. Ulu öndər Heydər Əliyevin iştirak etdiyi Naxçıvanın 70 illik yubileyində, daha sonra Hüseyn Cavid məqbərəsinin açılış mərasimində oldum. Yeri gəlmişkən deyim ki, dahi Hüseyn Cavidin əsərləri mənim repertuarımda ön sıradadı. 

-  Qısa zamanda da olsa, gəldiniz və Naxçıvandakı mədəni mühitlə tanışlıq imkanı əldə etdiniz. Naxçıvanda Mədəniyyət sahəsində baş verən yenilikləri izləmək imkanınız olurmu? Bir sözlə, Naxçıvanda gedən mədəni proseslərə münasibətinizi bilmək istərdik.

-  Mənim üçün doğma olan Naxçıvan teatrına göstərilən diqqət və qayğı məni çox sevindirir. İstər texniki baza tərəfdən, istər quruluş baxımından hər şey mükəmməldir. Bir çox yerləri gəzib teatrlarla tanış olmuşam. Məndən soruşsalar, bu gördüklərimin içərisində ən çox Naxçıvan teatrını üstün tuturam. Çünki burada işıqlandırma, səsləndirmə, akustika, requlyofka kimi səhnədə tamaşanın keyfiyyətinə təsir edən göstəricilərin əksəriyyəti digər teatrlarda yoxdur. Bu, dövlətin mədəniyyət sahəsinə göstərdiyi yüksək qayğının ifadəsidir. Naxçıvan teatrının bir əsrdən çox qocaman bir yaşı olması ilə yanaşı, həm də müasir standartlara cavab verən maddi-texniki bazası ilə seçilir. 

Bunlar teatr sənətinin bir tərəfidir. Digər tərəfdən istedadlı və peşəkar aktyor, rejissor heyəti formalaşmalıdır. Universitetlə tanışlığım zamanı bu sahədə necə böyük addımlar atıldığının şahidi oldum. Burada yetişən istedadlı gənclərdə kifayət qədər enerji və potensial gördüm. Bu potensial Naxçıvan teatrını daha parlaq gələcəyə aparacaq.

Dünənki görüşüm zamanı öz tələbələrimi də gördüm, onların xoş xatirlərində yer almaq məni kövrəltdi. Mənim üçün bu görüş çox əhəmiyyətli oldu. Bir arzum var, bu qədim teatra akademik statusu verilsin. Bu mənim böyük arzumdur və çünki bu teatr o statusa, doğrudan da, layiqdir.

-  Qocaman Naxçıvan teatrı və onun müasir imkanları, gənc aktyor və aktrisaların yetişdirilməsi üçün mövcud şərait barədə qənaətləriniz çox xoş oldu. Bəs Şəfiqə xanımı Naxçıvanın mədəni mühitində heyrətləndirən nəsə oldumu? 

-  Dünən Naxçıvandakı Film Fondunun direktoru ilə də həmsöhbət oldum. Mən çox təəccübləndim ki, burada bütün Azərbaycan filmləri var. Hətta bizdə olmayan filmlərə belə rast gəldim. Hətta o filmləri qorumağın sadə texnikasını öyrəndim. Çox qəribədir ki, Naxçıvanda filmlərin qorunma təhlükəsizliyi buranın iqlimində nəmlik olmadığındandır. Bu böyük bir nemətdir. Əgər bu olmazsa, həmin filmləri qorumaq üçün xüsusi texnika lazımdır. 

-  Şəfiqə xanım, söhbət əsnasında arzulardan danışdınız. Naxçıvan teatrı, mədəniyyəti ilə bağlı gözəl arzularınızı dilə gətirdiniz. Arzularla bağlı söhbətə davam gətirsək, daha nələrdən söz aça bilərsiniz? 

-  Arzular... Arzular... Arzular... İnsan yaşadıqca davam edən və heç zaman bitməyən arzular. Arzular təbii ki, çoxdur. Ona görə də yalnız onlar arasından bu səfərimə aid olan bir arzudan danışmaq istəyirəm. Arzum var ki, bu səfərimdə əsgərlərlə görüşüm. Bu, “Bizim Cəbiş müəllim”in müharibə şəraitindəki həyat mübarizəsiylə bağlıdır. Naxçıvan tarix boyu müharibələrə sinə gərən, mübarizlərin yurdudur. İndi də Naxçıvanın igidləri bu yurdu göz bəbəyi kimi qoruyur, muxtar respublika əmin-amanlıq şəraitində inkişaf edir. İstərdim ki, əsgərlər qarşısındakı borcumu da yerinə yetirim. 

-  Doğma diyarımız haqqında dəyərli fikirlərinizə görə minnətdaram. O qədər xoş təsir bağışladınız, o qədər xoş təəssürat yaratdınız ki, sizinlə olan bu səmimi söhbəti heç bir zaman unutmayacağam. Çox xoşbəxtəm ki, Allah mənə bu sevinci, bu qüruru bəxş etdi. 

-  Mən də çox şad oldum ki, bu gözəl diyarın səmimi və mehriban insanları arasındayam. Son olaraq sizi və kollektivinizi səmimi qəlbdən təbrik edirəm. “Şərq qapısı” qəzeti də mənim üçün çox doğmadır. Bu doğma qəzetin bir əsrlik tarixi olduğunu eşidəndə çox qürurlandım. Bu il qəzetin 100 illik yubileyinin qeyd edilməsi də tarixi hadisədir. Çox şadam ki, 100-cü ildə mənim də fikirlərim dərc olunacaq. Xatirələrimdə yaddaqalan və qürurlu bir tarix kimi yaşayacaq. 

-  Xoş sözlərinizə, təbriklərinizə və ən əsası dəyərli zamanınızda bizimlə müsahibəyə də yer verdiyiniz üçün minnətdarıq. Sizə gələcək həyatınızda və fəaliyyətinizdə uğurlar arzulayırıq. 

Gülcamal TAHİROVA

"Şərq qapısı" qəzeti

Xəbər lenti
Çox oxunan xəbərlər