İstirahətin daha bir ünvanı: “Xan Çinar” - FOTOLAR

İstirahətin daha bir ünvanı: “Xan Çinar”<font color=red> - FOTOLAR</font> İstirahətin daha bir ünvanı: “Xan Çinar”<font color=red> - FOTOLAR</font>

Hardasa 5-6 il öncə mövzuya turizm  mövsümü başlayır deyə giriş verirdik. Lakin muxtar respublikada yaradılan infrastruktur, mövcud turizm potensialını düzgün qiymətləndirmə və bu istiqamətdə həyata keçirən ardıcıl tədbirlər mövsümilik problemini də aradan qaldırmış oldu. Çünki insanlar yalnız yay mövsümündə deyil, indi ilin istənilən fəslinin gözəlliklərindən yararlanmağa can atırlar. Turist qarşılamaq üçün isə mövcud potensialdan əlavə infrastrukturun olması şərtdir. Götürək elə Ağbulaq Xizək Mərkəzini. İstifadəyə verildiyi gündən qış fəslində mərkəzin boş qalan günü olmadı. Nəinki yerli əhali, Bakı və ətraf rayonlardan gələnlərin, eləcə də xarici turistlərin diqqət mərkəzində oldu. Hər kəsin büdcəsinə və zövqünə uyğun yaradılan xidmət sahələri mərkəzi insanların istirahətinin və əyləncəsinin ideal ünvanı kimi səciyyələndirdi.

Yaz-yay mövsümündə isə Naxçıvan təbiəti bir başqa olur. Bir tərəfdən başı qarlı dağlar, bir tərəfdə yamyaşıl donunu geyinmiş düzlər çəmənlər, rəssam tablosuna bənzər mənzərələr. İldən-ilə artan təbiət həvəskarlarını, xüsusən də şənbə-bazar günləri Culfa-Ordubad, Şahbuz istiqamətlərində müşahidə etmək mümkündür. Ərazilərə bələd olan yerli əhali həm istirahət edər, həm təbiətin bəxşişi olan nemətlərdən-dağların yamacını bəzəyən çaşırından, baldırğanından, sobusundan, kəklikotusu, solmazçiçəyi və adını sadalamadığımız min bir dərdə şəfa bitkilərindən imtina etməz. İnsan bu yerlərdə həm ruhən qidalanar, həm orqanizmini mövsümi sağlam qidalarla məmnun edər. Kənd adamlarının min bir zəhmətlə ərsəyə gətirdiyi məhsullara isə söz ola bilməz.

Əvvəlki yazılarımızda Ordubadın turizm imkanlarından bəhs etmişik, xüsusilə də Xanağa-Pəzməri qolunda yerləşən biri-birindən füsunkar mənzərəli kəndlərin turizm imkanlarından. Təbiətinin zənginliyi, çeşidlli mətbəxi və  insanlarının qonaqpərvərliyinə görə Ordubadın bu istiqaməti turistlər üçün daha cazibdir.

Gərdəni şəlaləsi, Pəzməri şəlalələri və Ağyurd şəlaləsi bu qolda yerləşir.  Pəzməri şəlaləsi su sərfi, axınının sürəti, kinetik enerjisi və gücünə görə hətta ölkə üzrə ən böyük şəlalələrdən sayılır. İnanc yerlərimiz olan pirlər, tarixiliyi və memarlığı ilə fərqlənən məscidlər, Gəlinqaya kimi əfsanələşən qayalar, əzəməti ilə insanı özünə heyran edən dağlar, gur sulu çaylar, şəfa mənbəyi olan dumduru bulaqlar, təmiz hava, bol bəhrəli bağlar və üstəgəl kənd məhsulları.

Bu qoldakı yaşayış məntəqələrindən biri olan Dırnıs təbii imkanlarına görə hələ sovetlər dönəmindən  məşhurdur. Məktəblilərin yay düşərgə mərkəzlərindən biri də məhz Dırnısda yerləşib.  

Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qonşu kənd olan Anaqutu da əhatə edir. Kənddə geniş tikinti-quruculuq işləri aparılıb. Ötən il dekabr aynda Dırnısda yeni sosial obyektlər istifadəyə verilib. Kənd avtomobil yolu yenidən qurulub. Sosial obyektlərin açılışında iştirak edən və kənd sakinləri ilə görüşən Naxçıvan MR Ali Məclisinin Sədri demişdir: “Vaxtilə burada məktəblilərin yay düşərgəsi var idi. Bu kəndlərin, ümumiyyətlə, hamısı artıq turistik bölgəyə çevrilir. Bu kəndin də inkişafında görülən işlərin çox böyük nəticəsi olacaq. Hər zaman bu ərazi özünün ab-havası ilə, insanların qonaqpərvərliyi ilə diqqət çəkib. Görülən işlərdən sonra qonaqlar daha da çoxalacaq.

Görülən işlərə yenidən qurulan Vənənd-Pəzməri yolu da daxildir. İstifadəyə veriləcək yol Pəzməri şəlaləsinə rahat gediş-gəlişi təmin etmiş olacaqdır.

Xüsusilə yay fəslində Anaqutda, Dırnısda gecələmək istəyən turistlər üçün boş kirayə ev tapmaq müşkülə çevrilib. Lakin Anaqut kəndi ərazisində inşa olunan və may ayının 13-də istifadəyə verilən “Xan Çinar” İstirahət Mərkəzi bu çətinliyi də aradan qaldıracaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramının icrası  diqqətdə saxlanılır. Turizm sektorunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sahibkarlara imkanlar yaradılır. “Xan Çinar” İstirahət Mərkəzinin yaradılması da bu baxımdan əhəmiyyətlidir. Mərkəzdə ikimərtəbəli 9 kotej, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, hər biri 10 nəfərlik olmaqla 4 kupe, 40 yerlik restoran və mağaza fəaliyyət  göstərir.

Dağların əhatəsində, səfalı bir yerdə, çay kənarında salınan “Xan Çinar” İstirahət Mərkəzi bu istiqamətdə turların daha intensiv təşkilinə imkanlar açacaq. Xeyirli olsun!

 

                                                                      Ruhiyyə Rəsulova

                                                       Naxçıvan Televiziyasının baş redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər