ÜST koronavirusun laboratoriyadan sızmasının mümkünlüyünü istisna etmir

ÜST koronavirusun laboratoriyadan sızmasının mümkünlüyünü istisna etmir

COVID-19 infeksiyasının elmi laboratoriyadan sızması fərziyyəsi hələ qəti şəkildə istisna edilməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus “Corriere della Sera” qəzetinə müsahibəsində deyib. “Virusun heyvandan keçməsindən tutmuş, hələ də qəti şəkildə istisna edilməyən laboratoriyadan sızması fərziyyəsinə qədər bütün hipotezlər araşdırılmalıdır”, - deyə o bildirib.

Koronavirusun mənşəyinin tədqiqinin elm üçün ciddi məsələ olduğunu deyən Gebreyesusun sözlərinə görə, bu suala cavab tapmağa bəzi amillər, o cümlədən “siyasi faktorlar” mane olur. “Pandemiyanın mənşəyini daha yaxşı başa düşmək üçün əlimizdən gələni əsirgəməməliyik. İlk yoluxma hallarının səbəbini öyrənmək üçün Çinə çoxsaylı missiyalar təşkil etmişik”, - deyə ÜST rəhbəri əlavə edib.

Tedros Adhanom Gebreyesus bəşəriyyətin yeni epidemiya və pandemiya təhlükəsinə qarşı daha yaxşı hazırlaşmalı olduğunu da deyib: “Dünya pandemiya və epidemiya potensialına malik infeksion xəstəliklərdən gələn təhlükənin qarşısını almaq üçün daha yaxşı hazırlaşmalıdır. Koronavirus pandemiyası göstərdi ki, hazırlığımız daha yaxşı ola bilərdi”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM