Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin üçüncü toplantısı keçiriləcək

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin üçüncü toplantısı keçiriləcək

Aprelin 10-da Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici əlaqələr və ticarət nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Toplantı çərçivəsində türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyələrdə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarixinə və mədəniyyətinə dair bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonuna, həmçinin 44 günlük müharibə zamanı Ermənistanın qadağan edilmiş raketlərlə hədəfə aldığı Gəncə şəhərinə səfəri nəzərdə tutulub.

Qeyd edək ki, toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM