Avstraliya qəzeti azərbaycanlı jurnalistlərin Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmasından yazıb

Avstraliya qəzeti azərbaycanlı jurnalistlərin Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmasından yazıb

Avstraliyada ingilis və türk dillərində nəşr olunan “Turkish News Press” qəzeti AZƏRTAC-ın və AzTV-nin əməkdaşlarının Kəlbəcərdə erməni separatçıların basdırdığı minanın partlaması nəticəsində həlak olmaları ilə bağlı məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalə Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı əsasında hazırlanıb.

Yazıda qeyd olunur ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun üzvləri - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Bildirilir ki, Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində kütləvi şəkildə minalar basdırmasının məqsədi Azərbaycan tərəfinə mümkün qədər çox ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhalini qorxutmaq, onlara əlavə maneələr yaratmaqdır. Mülki azərbaycanlıların vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Yazıda qeyd olunur ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM