Şanlı Azərbaycan ordusu müstəqilliyimizin qarantıdır

Şanlı Azərbaycan ordusu müstəqilliyimizin qarantıdır

Təxminən 2 min illik dövlətçilik ənənəsi olan Azərbaycan bu illər boyu müxtəlif çətinliklərlə üzləşib, lakin həmişə hərbi-siyasi liderlər tərəfindən onun öncəki gücü özünə qaytarılıbdır. Azərbaycan tarixinə diqqətlə nəzər saldıqda müxtəlif dövrlərdə bu tarixin dəfələrlə təkrar olunduğunu görmək mümkündür. Azərbaycanın qədim Manna və İşquz dövlətlərinin ordusu öz dövrünün hərbi cəhətdən güclü ordusu hesab edilirdi. İşquzların əsasən süvarilərdən ibarət olan ordusu Yaxın Şərqin qədim tarixində ən çevik və məğlubedilməz ordu hesab edilirdi. Eramızın ilk əsrlərində yunan və Roma tarixçilərinin məlumatlarına görə, Albaniya ordusunda əsgər sayı 80 mindən çox olub, hətta alban qadınları da döyüş meydanında düşmənlə üz-üzə mübarizə aparıblar. Azərbaycan dövlətçiliyi tarixində şanlı, var olmağımızın müqəddiməsinə çevrilən günlər çox olubdur. Atabəylər, Səfəvilər dövründə qazanılmış qələbələr, sərhədlərimizin şimaldan cənuba, şərqdən qərbə doğru genişlənməsi bizi qürurlandırıb, Babəkin, Şah İsmayıl Xətayinin, Qızıl Arslanın fatehlik yürüşləri bayrağımızı ucaldıb, xalqımızın qələbə ruhunu formalaşdırıbdır.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması isə hərb tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu sahəsində ilk tədbiri Osmanlı dövləti ilə hərbi sahədə əməkdaşlıq və Azərbaycan Ordusunun yaradılması oldu. 1918-ci il iyunun 26-da Nazirlər Şurasının verdiyi qərara əsasən ilkin olaraq beş min nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu”, həmçinin Hərbi Nazirlik və Xəzər Hərbi Donanması yaradıldı.

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti dövründə də uzaqgörənliklə həyata keçirdiyi mühüm tədbirlərdən biri də hərbi kadrların yetişdirilməsi oldu. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. 1998-ci ildə isə C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açıldı və daha sonra bu hərbi məktəbə ulu öndər Heydər Əliyevin adı verildi. Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində ordumuzun əsas zabit heyəti məhz Heydər Əliyev adına Hərbi Liseyin yetirmələri oldu. Bu məktəbin ərazi bütövlüyümüzün qorunmasında mühüm xidmətləri olan hərbi kadrlarından 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. Heydər Əliyev adına Hərbi Liseyin yetirmələri bu məktəbi bütün Cənubi Qafqaz regionunda həm vətənpərvərlik, həm də hərbi hazırlıq baxımından ən hazırlıqlı zabitlər kimi bitirirlər.

Tarixi qədim, oğulları igid olan yurdumuz daim yağılara qarşı mübarizə aparıb, torpaqlarımız, sərhədlərimiz müqəddəs hesab olunubdur. Sözsüz ki, müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Ali Baş Komandanın rəhbərliyi ilə son 200 illik tarixdə ilk dəfə itirilən torpaqlarımızı geri qaytarıb, sərhədlərimizi bərpa edib, bayrağımızı ucaltmışıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə hər günü, hər saatı, hər anı qızıl hərflərlə yazılmış tarixə çevrilən 44 günlük Vətən müharibəmiz 1990-cı illərin əvvəlində itirdiyimiz torpaqlarımızın qaytarılması, işğala son qoyulması ilə nəticələndi.

Azərbaycan Silahlı Qüvvələri son 20-25 il ərzində davamlı güclənərək və müasirləşərək regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün Silahlı Qüvvələrimiz Qafqazın ən güclü ordusu olmaqla, dünya reytinqində ən güclü 50 ordu arasındadır. Əminliklə deyə bilərik ki, ordumuzun davamlı inkişafı ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsidir. Belə ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkənin müdafiəsinin təşkili üçün Azərbaycan Ordusunun döyüşə hazırlığı sahəsində müvafiq tədbirlər görülüb, qoşunlar müasir döyüşlərin aparılması tələblərinə cavab verən silah-sursat, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunubdur. Burada diqqəti cəlb edən məqamlardan biri də Ali Baş Komandanın mütəmadi olaraq cəbhə bölgələrinə səfər etməsi, döyüş bölgəsində yerləşən hərbi hissələrin şəraiti və əsgərlərin döyüş hazırlığı ilə yerində tanış olması, əmr, tapşırıq və tövsiyələr verməsidir. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin qayğıları ilə bilavasitə maraqlanması, xidmətdə fərqlənən hərbi qulluqçulara xüsusi hədiyyələr təqdim etməsi bir sözlə, onlarla səmimi ünsiyyətdə olması şəxsi heyətdə özünəinam hissini gücləndirərək, şəxsi motivasiyalarını da artırır. Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda da görürük ki, silahlı qüvvələrin gücünü, sadəcə silah-sursat və ya texniki üstünlük  müəyyən etmir. Burada vacib bir məqam da vətənpərvərlik ruhudur. Xüsusilə də, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün vətənpərvərlik xüsusi əhəmiyyətli mövzudur.

2016-cı ilin aprel ayında həyata keçirilən hərbi əməliyyatlar da Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani şəkildə göstərdi və sübut etdi ki, Azərbaycan ordusu çox qısa müddətdə qarşısına  qoyulan istənilən vəzifəni yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Məlumdur ki, həmin vaxt ölkəmiz əvvəlcədən hazırlanmış hücum əməliyyatı keçirmirdi, sadəcə erməni tərəfinin təxribatına cavab verirdi. Buna görə də Azərbaycan ordusunun kiçik bir hissəsi döyüşə cəlb olundu. Amma buna baxmayaraq, əldə olunan nailiyyətlər heç də kiçik deyildi. Lələtəpə əməliyyatı Ermənilərin uzun müddət kimlərinsə sayəsində yaratmış olduğu  “keçilməz sədd”, “aşılmaz maneə” fikirlərinin sadəcə mif olduğunu və Azərbaycan əsgəri üçün heç də çətin hədəf olmadığını sübut etdi. 2016-cı ilin aprelində cəbhə xəttində qazanılan zəfər Azərbaycan Ordusunun gücü barədə deyilənlərin təsdiqi oldu. Əməliyyat nəticəsində əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Uğurlu əməliyyat həm də Azərbaycan xalqının orduya olan məhəbbətini, inamını qat-qat artırdı. Aprel döyüşlərindən və 2018-ci ilin mayında Naxçıvanda Günnüt əməliyyatından sonra layiqli cavabını alan Ermənistan 2020-ci ildə yenidən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs müqaviləsini pozaraq hücuma keçməyə cəhd etdi.  Silahlı Qüvvələrimiz isə qısa müddət ərzində düşmənə sarsıdıcı zərbələr endirərək, onlara layiq olduqları cavabı verdi. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi.       
Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu xalqımızın Zəfər salnaməsini yazdı. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.

Günbəgün qazanılan uğurlar, cəbhədən gələn qələbə xəbərləri bizi inamla Qarabağın işğaldan azad olunmasına qovuşdurdu. Ard-arda qazanılan qələbələr, kənd və qəsəbələrin azad olunması, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarında yenidən Azərbaycan bayrağının dalğalanması artıq diqqətləri Şuşaya - mədəniyyət və sivilizasiya beşiyimizə yönəltmişdi. Müzəffər Azərbaycan ordusu inamla və məhz türkçülüyə xas hərbi-döyüş taktikası ilə Şuşaya doğru irəlilədi və  8 noyabrda Qarabağın mərkəzi, ürəyi olan Şuşa mənfur ermənilərin işğalından azad olundu. Ali Baş Komandan bu xəbəri də xalqımıza özünəməxsus qətiyyət və yeni mesajlarla çatdırdı. Çıxışlarında və müsahibələrində “Şuşasız işimiz yarım qalar” deyən Prezidentimizin ali rəhbərliyi ilə o müqəddəs torpaq yenidən xalqımıza qayıtdı.

Hərb dərsliklərinə düşəcək və tarixdə uzun müddət qalacaq Şuşa döyüşləri Vətən müharibəsində qələbəmizin rəmzi oldu. Düşmən daha böyük itkilərdən qorxaraq kapitulyasiya aktına imza atdı. 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı, Vətən müharibəsində qələbəmiz rəsmi olaraq təsdiqləndi, sazişin bəndlərinə əsasən, Ağdam, Laçın və Kəlbəcər müharibəsiz düşməndən təmizləndi. 30 illik həsrətdən sonra şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda müqəddəs bayrağımızı qaldırdı, dağıdılmış, viran qoyulmuş ərazilərimizdə azan səsi ucaldı.

Ərazilər azad olunarkən bir daha erməni vəhşiliyinin, vandalizminin şahidi olduq. Mədəniyyət abidələrimiz, müqəddəs məbədlərimiz - məscidlər, tarixi qalalar dağıdılıb və ya erməniləşdirilməyə məruz qalıbdır. Mənfur düşmən özünün olmayan hər şeyə qarşı barbar kimi davranıb, şəhərləri, kəndləri xarabalığa çeviribdi. Cənab Prezident, müzəffər Ali Baş Komandan erməni vəhşiliyi, vandalizmi barədə dünyaya, Ermənistanı dəstəkləyən  dövlətlərə bu haqda əyani və çox tutarlı mesajlar verdi. Dünyanı bu həqiqətləri görməyə çağırdı. Haqlı olaraq Vətən müharibəmizdəki qələbəmizi, ədalətin zəfər çalmasını xeyirin şər üzərindəki qələbəsi kimi xarakterizə etdi. Azərbaycan işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağın dağıdılmış bütün dini, tarixi-mədəni abidələri dövlətin himayəsi altında olacaq, Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevriləcək. Azərbaycan xalqı döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərəcək.

Vahid amal uğrunda, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək həmrəylik və milli birliyimizi dünyaya sübut etdi. Xalqın həmrəyliyinin və əzminin nəticəsində güclü ordumuzun  formalaşması, qələbə yanğısı uğurlarımızın əsasını təşkil etdi.

44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təminatı üçün müsbət tendensiyadır. Azərbaycanın qələbəsi Qafqazda və ümumilikdə, regionda terrorçu və faşizm rejiminin süqutuna səbəb oldu. Ölkə başçısı İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə deyib: "Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik".

Qələbədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan, Cıdır düzündən xalqımızın haqq səsini qətiyyətlə dünya ictimaiyyətinə çatdıran, ən mötəbər kürsülərdən "Qarabağ Azərbaycandır!" deyən ölkə Prezidenti İlham Əliyevin Şuşa şəhərində keçirilən bütün tədbirlərdə böyük qürur hissi ilə "Şuşa sən azadsan!", "Şuşa Azərbaycandır!", "Qarabağ Azərbaycandır!" deməsi, bir daha işğalçı dövlətə layiq olduğu yeri göstərməsi xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurdu.

Tarixi və şanlı Zəfəri Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Birlikdən güc alan Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Vətən müharibəsində dövlətimiz və ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir.

I Qarabağ müharibəsi iştirakçısı kimi deyə bilərəm ki, güclü maddi-texniki təchizat, ən müasir texnologiyalarla və peşəkar şəxsi heyətlə təmin olunması ordunun son sözünü deməsində, qələbənin əldə olunmasında böyük rol oynadı. İşğaldan sonra doğulub, Qarabağ torpaqlarını görməyən gənclərin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar hələ uzun müddət tarixdən, yaddaşlardan silinməyəcək, tədqiq olunacaq.

Bu bir daha “Ordunun döyüş ruhunun yüksək olması, ən müasir texnika və texnologiyadan üstündür” fikrini təsdiqləyirəm. Azərbaycan ordusunda Vətən yanğısı,  torpaqların işğaldan azad olunması istəyi ən üst səviyyədədir və  Vətən müharibəsindəki qəhrəmanlıq  və rəşadət dolu anlar bunun bir daha təzahürüdür. Yaralı yoldaşlarını çiynində daşıyan, komandirləri və əsgər yoldaşları üçün canından keçən gənclərimiz zaman-zaman aparılan ideoloji vətənpərvərlik tərbiyəsindən bəhrələnib, əsl peşəkar, Vətəni sevən hərbçilər kimi yetişiblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının üzvləri də həmişə gənclərlə görüşlərində bu fikri onların diqqətinə çatdırır, I və II Qarabağ müharibəsinin qəhrəmanları haqda təbliğat xarakterli söhbətlər aparırıq. Bundan sonra isə bu görüşlər daha çox keçiriləcək, yeniyetmə və gənclərimizə müzəffər Ali Baş Komandanın başçılığı altında şanlı ordumuzun  qəhrəmanlıqlarını çatdıracağıq. Müharibə bitsə də, zəfər qazansaq da, daim ayıq-sayıq olmalı, sərhədlərimizi göz bəbəyimiz kimi qorumalı və doğma Qarabağı qurub yaratmaqla cənnətə çevirməliyik. Mənfur düşmənə göz dağı olacaq yeni Qarabağı dünyaya qədim Azərbaycan yurdu kimi təqdim edəcəyik.

Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin

Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Xəbər lenti
Çox oxunan xəbərlər