Azərbaycanın xarici işlər naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Nazir Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli təmaslar daxil olmaqla, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafını qeyd edib və bu münasibətlərin müxtəlif sahələrdə daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Səfir Viktor Sederkenyi Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirib və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daim xatirində qalacağını qeyd edib. O, ölkələrimiz arasında təkcə dostluq və strateji əməkdaşlıq deyil, Türk Dövlətləri Təşkilatında iştirak ilə qardaşlıq münasibətlərinin də olduğunu məmnunluqla bildirib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar, o cümlədən təhsil, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərini də müzakirə ediblər.

Sonda nazir Ceyhun Bayramov səfir Viktor Sederkenyiyə bir daha gələcək fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər