Dördüncü sənaye inqilabının müasir çağırışları

Dördüncü sənaye  inqilabının  müasir çağırışları

Tarixdə birinci sənaye inqilabı 1760-cı illərdən başlayaraq XIX əsrin sonlarına qədər davam edib. Bu inqilab buxar maşınlarının kəşf edilməsi və parovozların meydana gəlməsi, dəmir yollarının salınması ilə tarixə düşüb. İkinci sənaye inqilabı öz başlanğıcını XIX əsrin sonlarından XX əsrin əvvəllərindən götürür: elektrik enerjisinin yayılması və istehsal proseslərinin konveyer üsuluna keçirilməsindən başlayıb ötən əsrin 60-cı illərinə qədər davam edib. Konveyer üsulunun tətbiqi ilə dünyada kütləvi məhsul istehsalına keçid bu inqilabın ən xarakterik xüsusiyyətlərindən idi. Sənaye inqilabının üçüncü mərhələsi XX əsrin 60-cı illərindən başladı və əvvəlki iki mərhələdən fərqli olaraq daha az yaşadı. Bu mərhələnin əsas cəhəti dünyada yarımkeçiricilərin sürətlə inkişafı ilə bağlıdır. Yarımkeçiricilərin meydana gəlməsi personal kompüterlərin kəşfinə imkan yaratdı. Bundan sonra internet şəbəkəsi yayılmağa başladı. Bütün bu yeniliklər istehsal proseslərini avtomatlaşdırmağa imkan verdi. Bu inqilabın mahiyyəti rəqəmsal texnologiyaların ortaya çıxması və onun bütün istehsal proseslərində istifadə olunmağa başlaması ilə bağlıdır.

Hazırda bəşəriyyət irimiqyaslı və mürəkkəb texnoloji innovasiyaların sürətlə inkişaf etdiyi, süni intellektin həyatımızın müxtəlif sferalarına daxil olduğu böyük bir dəyişikliklər dövrünü yaşayır. XX əsrin sonlarından etibarən süni intellekt, əşyaların interneti, avtonom nəqliyyat vasitələri, üçölçülü çapetmə, nanotexnologiya, biotexnologiya, Big Data, kvant kompüterləri və.s kimi yeni texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı dövründəyik. Bu inqilab dünyanı köklü şəkildə transformasiya etmək gücünə malik olsa da, əldə olunacaq uğur, bilavasitə vətəndaşlar, şirkətlər və dövlətlərin birgə fəaliyyətindən asılıdır. Cəmiyyətin yeni sənaye normalarına adaptasiya ola bilmədiyi, hökümətlərin yeni texnologiyalardan yetərincə yararlanmadığı və bu texnologiyalara nəzarəti təmin edə bilmədiyi halda sivilizasiyanın inkişafı tamamilə fərqli istiqamətlərə yönələ bilər.

4-cü inqilabın əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir. Yeni ağıllı cihazların tətbiqi ilə insanlar təbiət hadisələri haqda daha öncədən xəbər tutmaqla itkilərin qarşısını müəyyən qədər ala bilər. Ən ümidverici potensial isə yeni kvant kompüterlərin tətbiqi ilə kompüter sistemlərini sürətləndirmək və daha əvvəl mümkün olmayan qədər informasiyanı bir yerdə toplamaqdır. Daha geniş həcmdə məlumat bazasına girişin olması, insanların təhsil və dünyagörüşünü artırmaqla, iqtisadiyyata yeni işçi qüvvəsi cəlb olunması ilə nəticələnəcək. Həmçinin, yeni inqilabla bərabər insanların orta yaş həddi artacaq və əvvəllər çarəsi tapılmayan xəstəliklərin həlli yeni texnologiyanın tətbiqi ilə mümkün olacaq. Ümumiyyətlə, yeni texnologiyaların tətbiqi ilə bütün istiqamətlərdə görünməmiş rəqəmsal inkişaf olacaq ki, bu da istehsal və iqtisadiyyatda insan faktorunun rolunu azaldacaq.

İnsan faktorunun zəifləməsi əmək bazarında kütləvi işsizliyə səbəb ola bilər. Texnologiyanın tətbiqindən əvvəl minlərlə işçiyə tələbi olan müəssisələr, yeni texnologiya ilə bir neçə işçi ilə eyni həcmdə istehsal edə biləcəklər. Bəzi peşə və ixtisaslar ümumiyyətlə yoxa çıxacaq. Belə ehtimalın və bundan qaynaqlanaraq kapitalizmin yox olması fikrini ən gözəl izahını Jeremy Rifkin  öz  “The Zero Marginal Cost Society” kitabında veribdir.  İnsanların qabiliyyəti yalnız texnologiyanın tətbiqi ilə ölçüləcək. Bu isə o deməkdir ki, əmək bazarında tələbi texnoloji qabiliyyət formalaşdıracaq. Mütəxəssislər gələcəkdə ən çox tələb olunacaq ixtisasları açıqlayıblar. Bunlar biotexnika, kibertəhlükəsizlik, alternativ enerji mütəxəssisi, neyropsixoloq, virtual reallıq dizayneri, 3D çap mühəndisliyidır.

Onu da qeyd etmək lazımdır ki, kvant kompüterlərinin tətbiqi ilə kompüterlərimiz indiki kimi yalnız bizə xidmət edən, bir neçə standard proqramın olduğu, internetə giriş üçün istifadə edilən alət olmaqdan daha çox işə yarayacaq. Ancaq indidən mütəxəssislər kvant kompüterlərinin tətbiqi ilə, dünyada kibertəhlükəsizliyin qalmayacağını, internetdə istənilən şəxsi məlumatın təhlükə altında olacağı fikrindədilər. Bütün fəaliyyətimiz kvant kompüteri olan şəxslər tərəfindən izlənilə bilər. Həmçinin iş yerlərində və cəmiyyətdə robot və texnologiyaların tətbiqi dünyada “xalq mədəniyyəti” deyilən anlayışın yox olması ilə nəticələnəcək.

Dördüncü sənaye inqilabını bilik, texnologiya və adaptasiya sözləri ilə izah etmək olar. Təbii olaraq, bir çox sahələr kimi təhsil sahəsi də ciddi təsirlənən sahələrdəndir. Rəqəmsallaşma ilə ənənəvi təhsil sistemi və müəllimlərin rolu dəyişir. Müəllim artıq biliyi öyrətməkdən çox, biliyə yönləndirən tərəf olur. Təhsilin rəqəmsallaşmasında təhsilalanların özü öyrənmə müddətini müəyyən edir. Texnoloji imkanların genişlənməsi ilə elektron-öyrənmə sürətlə artır.

Dördüncü sənaye inqilabı dövrü və bundan sonrakı dövrlərdə fiziki və virtual dünya arasında sıx əlaqələr yarandıqca dünyada gedən proseslər şəffaflaşacaq. İnsanlardan mürəkkəb və kompleks məsələləri həll etmək və kommunikasiya texnologiyaları sahəsində xüsusi bacarıqlar, eləcə də orjinallıq, təşəbbüskarlıq, kreativlik, analitik təfəkkür tələb olunur. Bu tələblərə cavab vermək üçün təhsil sahəsində islahatlar aparılır, virtuallaşma gedir. Cəmiyyət bu dəyişiklikləri görüb ona uyğun addımlar atmalıdır.

Rəqəmsallaşma prosesi bizim ona uyğunlaşıb uyğunlaşmamağımızdan asılı olmadan çox sürətlə gedir. Cəmiyyət olaraq rəqəmsallaşmaya, müasir dövrün tələblərinə nə qədər tez uyğunlaşa bilsək bir o qədər faydalı olar və inkişaflı olarıq.

Zümrüd Səfərova

NDU “İnformatika” kafedrasının müəllimi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM