Ömrünü vətənə həsr edən qəhrəman

Ömrünü vətənə həsr edən qəhrəman

Vətənə məhəbbəti, torpağa sevgisi onda ailəsindən duyduğu, hiss etdiyi yurd həsrətindən başlamışdı. Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan ana-atasının dədə-baba yurdundan zorla çıxarılmaları, uzun illərdən bəri valideynlərinin qəlbinin doğma el-obası üçün köz-köz olduğunu görən Azərbaycanının Milli Qəhrəmanı Maşallah Abdullayev körpəliyindən düşmənə nifrətlə böyümüşdü.

1950-ci il may ayının 27-də Abdullayevlər ailəsinin məskən saldığı Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olan qəhrəmanımız elə orta təhsilini də bu kənddə 8-ci sinfə qədər alır. Fəhlə-gənclər məktəbində üç il təhsilinə davam edən Maşallah Abdullayev sonra bir çox fərqli müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olur. 1969-cu ildə hərbi xidmətə çağrılan qəhrəmanımız, Kerç şəhərində əsgəri xidmətini başa vurur. Təhsilini davam etdirən qəhrəmanımız Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunaraq buranı müvəffəqiyyətlə bitirir. Sevdiyi ixtisasın peşəkarı kimi doğulduğu kəndin tam orta məktəbində fiziki tərbiyə fənnindən dərs deyərək işə başlayan Maşallah Abdullayev məktəb kollektivi və şagirdlər arasında dərin hörmət qazanır. Onun yüksək dərs bacarığı bir çox yeniyetmənin idmana marağını artırır. 

Həmin illərdə ölkə üzərindən çəkilməyən qara buludlar Goranboy rayonunun da üstünü alır. Ermənilərin sıx yaşadıqları Qaraçinar, Mənəş, Erkəc, Buzluqdan azərbaycanlılar yaşayan Zeyvə, Todan və digər kəndlərə basqınlar etməyə başlayan düşmən evləri yandırır, günahsız insanları əsir götürürdü. Belə bir çətin zamanda vətən qorunmalıdır deyib ayağa qalxan Maşallah Abdullayev Goranboy rayonunun bütün gənclərini ətrafına toplayır. Vətənin igid oğlunun səyi ilə erməni vandallarına qarşı ilk könüllü dəstələr yaradılır. Bu dəstələrin düşmənə qarşı cavab tədbirlərində, döyüş bacarıqlarının artırılmasında Maşallah Abdullayevin böyük xidmətləri olur. Qəhrəmanımız bu uğurda böyük şücaətlər göstərir və Ağcakəndin erməni işğalçılarından azad olunmasında əlindən gələni əsirgəmir. Maşallah Abdullayevin göstərdiyi cəsarət, qəhrəmanlıq həmyerliləri arasında böyük hörmət və ehtirama səbəb olur. Xalqın sevgisini qazanan Maşallah Abdullayev Respublika Ali Sovetinə deputat seçilir. Ömrünü vətənə xidmətə həsr edən qəhrəmanımız deputatlığı dövründə də bu missiyanı şərəflə yerinə yetirir. Məsuliyyəti və ciddiyyəti ilə rəhbərliyin hörmətini qazanan Maşallah Abdullayev Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunur. Daha çətin bir vəzifənin öhtəsindən gələn qəhrəmanımız tərkibində olduğu briqada heyyəti ilə birgə Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edir. Onun əvəzsiz xidmətlərindən biri də Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsi idi. Göstərdiyi qəhrəmanlığa görə  mayor rütbəsinə yüksələn Maşallah Abdullayev 1992-ci ilin avqustunda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunaraq 11 ay bu vəzifədə vətənə xidmət borcunu yerinə yetirir. Sonralar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy rayon şöbəsinin sədri vəzifəsində çalışaraq, rayonun ictimati-siyasi həyatında fəal iştirak edir. Bütün ömrünü el-obasına həsr edən Maşallah Abdullayev ölkə qarşısında xidmətlərinə, torpaqlarımızın bütövlüyü uğrunda göstərdiyi igidliyə görə yüksək qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına, "General Məhəmməd Əsədov" mükafatına və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley  medalına layiq görülür.

Qeyd edim ki, Goranboy rayonunda uzun müddətli əmək fəaliyyəti və xidmətləri olan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev ömrünün 72-ci ilində, uzun sürən ağır xəstəlikdən sonra 2022-ci ilin oktyabrın 26-da vəfat etmiş, Goranboy şəhər qəbiristanlığında dəfn edilmişdir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM