Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il ərzində çoxsaylı tədbirlər keçirilib. Naxçıvanın yetirməsi olan görkəmli ziyalılar, elm adamları isə il ərzində, demək olar ki, çap olunmuş, bütün kitablarını Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr ediblər. Həmin silsilə kitablardan biri də AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev və filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın həmmüəllifi olduqları “Naxçıvan dilçilik məktəbi” adlı kitabdır. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri isə filologiya elmləri doktoru, dosent Nuray Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyində çap olunmuş 552 səhifədən ibarət əsər Naxçıvan dilçilik məktəbinin ilk qaynaqlarından başlayaraq, günümüzə qədər olan dövrünü əhatə edir. Dörd bölmədən ibarət olan əsərin ilk bölməsində Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Məhəmməd Tağı Sidqi Səfərovdan bəhs olunur. Əsərdə hər birinin həyatı və yaradıcılıqları haqqında geniş məlumatlar öz əksini tapıb.
Birinci bölmədə Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani və Naxçıvan dilçilik məktəbinin inkişafında qaynaq rolu oynamış Məhəmməd Tağı Sidqi Səfərovun dilçilik elminə göstərdiyi xidmətlərdən bəhs olunub. Əsərdə alimin “Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat”, “Müxtəsər coğrafiya risaləsi”, “Tənviri-əfkar”, “Hakimanə sözlər”, “Nəsihətnamə”, “Pedaqogika” kimi qiymətli əsərləri haqqında da məlumat verilib. Eləcə də M.Sidqinin “Tərbiyə” məktəbində tədrisin keyfiyyətini artırmaq üçün qələmə aldığı qrammatika kitabçasının dilçilik nöqteyi-nəzərdən əhəmiyyəti vurğulanıb.
Kitabın ikinci bölməsində adından da göründüyü kimi, Naxçıvan dilçilik məktəbinin AMEA-nın həqiqi və müxbir üzvü olmuş nümayəndələrindən söz açılıb. İlk olaraq təkcə ədəbi-bədii dil məsələləri deyil, dilçilik elminin qlobal ümumi nəzəri problemləri bu alimlərin yaradıcılığında özünü göstərir. Bu alimlər Məmməd Cəfər, akademik Möhsün Nağısoylu, Adil Bağırovdur və Əbülfəz Aman oğlu Quliyevdir.
Kitabın üçüncü bölməsində filologiya elmləri doktoru və professorlardan Məhəmməd ağa Şahtaxtlı, Vəliyəddin Əliyev, Şulan Şirəliyev, Nəsir Məmmədov, Hüseyn Bayramov, Fərhad Zeynalov, Yusif Seyidov, Quşdan Bağırov, Adil Babayev, Sevindik Vəliyev, Akif İmanlı, Nizami Xudiyev, Əsgər Rəsulov, Məmmədəli Novruzov, Sədaqət Həsənova, Hüseyn Əsgərov, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü Mahirə Nağıqızı Hüseynova, Sərdar Zeynalov, Qalibə Hacıyeva, Nuray Əliyeva, Elçin İbrahimov, Bənövşə Məmmədovanın bioqrafik göstəriciləri və onların Naxçıvan dilçilik məktəbinin inkişafı yolunda ərsəyə gətirdikləri elmi yaradıcılıq nümunələri geniş formada öz əksini tapıb. Kitabın dördüncü – sonuncu bölməsi filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini daşıyan Ağaməli Həsənov, Cəfər Cəfərov, Firudin Rzayev, Zülfiyyə İsmayıl və başqaları kimi Azərbaycan, habelə Naxçıvan dilçilik məktəbinin formalaşması və inkişafı prosesində öz elmi fəaliyyətləri və ərsəyə gətirmiş olduqları qiymətli əsərləri ilə əvəzsiz töhfələr verib. Əsərdə həmin alimlərlə yanaşı, bu ada yenicə layiq görülmüş gənc alimlərin də adı çəkilib.
Ümumilikdə, bu fəsildə 51 nəfər Naxçıvan dilçilik məktəbinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktorunun həyatı və dilçilik elminin müxtəlif bölmələrinə aid olan, həmin elmin inkişafında bu və ya digər şəkildə rol oynamış yaradıcılıq yollarının işıqlandırıldığını müşahidə edirik.
Kitab Azərbaycan dilçiliyinin tədqiqi sahəsində ən qiymətli, sistemli araşdırmalardan biridir. Elxanilər dövlətinin bərqərar olduğu dövrdən başlayaraq, günümüzə qədər yaşayıb yaratmış və yaratmaqda olan dilçi alimlərin fəaliyyətini təfərrüatları ilə əhatə edən bu kitab geniş tarixi mərhələləri əhatə edir. Öz oxucusuna Azərbaycan dilinin, eləcə də Azərbaycan dilçiliyinin dərindən öyrənilməsi baxımından geniş imkan yaradan bu kitab həm də muxtar respublikamızın 100 illiyinə layiqli töhfədir.
Rüzgar Camal
AMEA Naxçıvan Bölməsinin əməkdaşı