Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin doğum günüdür

Bu gün  Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin doğum günüdür

Vətən torpaqlarının qorunmasında milli ordumuzun əsgərləri kimi Azərbaycan polisinin də xüsusi xidməti olub. Onlar birinci Qarabağ müharibəsi dövründə bölgədə əhalinin təhlükəsizliyini təmin etməq məqsədi ilə vəzifə borclarını laiqincə yerinə yetiriblər. Azərbaycanın Milli Qəhrəmanı, polis nəfəri Vasili Əliyev də belə oğullardan biri idi.

1959-cu il yanvar ayının 15-də Qubadlı rayonunda anadan olan Vasili Əliyev uşaq yaşlarından vətənə bağlı, torpaq sevər, yurdsevər olub. Orta təhsilini başa vuran Vasili Qubadlı Rayon Hərbi Komissalığı tərəfindən orduya çağrılır. Əsgəri xidmətini Daxili qoşunların tərkibində yerinə yetirən Vasili Əliyev burada hərbi texnikanın sirlərini mükəmməl öyrənir. O, xidməti dövründə polis peşəsinə maraq göstərir. Xidmətini başa vurduqdan sonra o, mühafizə bölməsində gözətçi kimi işə qəbul olur. 1980-ci ildə Daxili İşlər Nazirliyində polis nəfəri kimi fəaliyyətinə davam edir. Qısa zamanda o, nümunəvi xidməti ilə yoldaşlarından fərqlənərək Daxili İşlər Nazirliyinin "Polis əlaçısı" döş nişanı ilə təltif edir.

XX əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın yersiz torpaq iddialarından Qarabağ bölgəsində vəziyyət gərginləşdirdi. Qədim tarixi torpaqlarımıza göz dikən mənfur ermənilər tez-tez ölkəmizin ərazi bütövlüyünü pozaraq, şəhər və kəndlərə hücum edib, dinc əhaliyə divan tuturdu. Həmin ərazilərdə əhalinin təhlükəsizliyini təmin etmək və vətənə xidmət borcunu yerinə yetirmək üçün bir qrup polis işçisi ilə Vasili Əliyevdə Qarabağ bögəsinə ezam olunurlar.

Qafan rayonunun Novruzlar kəndi yaxınlığında ilk döyüşə qatılan Vasili düşmən toplarının məhv edilməsində şücaətlər göstərir. Bu döyüşdə özünə daha çox rəğbət qazanan qəhrəman sonra Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin azadlığı uğrunda mübarizə aparıb, düşmən mühasirəsinə düşən yoldaşlarını xilas etmək üçün fədakarlıqlar edir.

1992-ci il oktyabrın 20-si Topağac yüksəkliyi uğrunda gedən döyüş…

Vasili Əliyev Qaraqaya yüksəkliyi uğrunda döyüşən polis qrupu və milli ordunun əsgərləri ilə birgə qatılır. Ağır döyüşdə döyüşçülərimiz düşmən üzərində qələbə çalır. Onlar bu qələbədən ruhlanaraq oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçirlər. Düşməni mühasirəyə almağa çalışan Vasili, əks həmlə ilə düşmən ordusun mühasirəsinə düşür. Qeyri-bərabər döyüşdə son nəfəsinə qədər döyüşən Vasili Əliyev qəhrəmancasına həlak olur. O, Qubadlı rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında rəşadət göstərərək vəzifə borcunu şərəflə yerinə yetirən Vasili Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür.

Qəhrəmanın adı əbədiləşdirilərək Qubadlı Rayon Mədəniyyət Evi və Diləli-Müskanlı kənd orta məktəbinə verilir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM