"Tovuzun Yuxarı Öysüzlü kəndində valideyni tərəfindən evdə tənha buraxılan uşaq uzun müddət ac qaldığına görə orqanlarında müəyyən problemlər yaranıb, hazırda vəziyyəti ağırdır".
NUHÇIXAN xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, azyaşlıda bağırsaq keçməzliyi yaranıb:
"Uşaq hazırda reanimasiyada müalicə alır. Həkimlər onun vəziyyətinin yaxşılaşması üçün çalışırlar. Onlar uşağa yaxşı baxırlar, 24 saat nəzarətdə saxlayırlar. Həkimlə danışdım, azyaşlının vəziyyəti ağır olduğu üçün bu yaxınlarda xəstəxanadan buraxılması gözlənilmir".
"1 yaş 2 aylıq uşaq 5 kiloqramdır. Hazırda onu körpə yeməkləri ilə qidalandırırlar", - deyə K.Ağazadə qeyd edib.
Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.