Türkiyəli rejissor Ağbulaqdan yazdı: “Naxçıvanın gizli cənnəti Ağbulaq”

Türkiyəli rejissor Ağbulaqdan yazdı: “Naxçıvanın gizli cənnəti Ağbulaq”

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağbulaq Kənd Turizm-İstirahət Mərkəzi ilə bağlı məqalə Türkiyənin siyasalbirikim.com saytında yer alıb. Haçadağa Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün yürüş edən türkiyəli alpinistlərlə birgə  Naxçıvana  gələn qardaş ölkənin mədəniyyət və incəsənət üzrə rejissorlarından biri Muhammed Akkuş diyarla bağlı təəssüratlarını oxucularla bölüşüb. Naxçıvanın bir çox mədəniyyətlərə ev sahibliyi edən tarixi bir şəhər olduğunu vurğulayan Muhammed Akkuş buranın mehriban insanları və ortaq türk mədəniyyətinin insanı öz evindəki kimi hiss etdirdiyini yazır.

Haçadağa yürüşün ertəsi günü Şahbuz rayonunda yenicə istifadəyə verilmiş dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Mərkəzində olan  Muhammed Akkuş adını dağ çaylarından alan Ağbulağın qonaqpərvər insanları, təbiəti, havası, suyu, milli mətbəx nümunələri ilə bir turizm cənnəti olduğunu vurğulayır. Qonaq bildirir ki, Mərkəzdə təbii qidalardan hazırlanan milli mətbəx nümunələri təqdim edən yeməkxana və kafelər, kotteclər turistlərin xoş istirahətini təmin edir. Xizək mərkəzinin bölgəyə bir status qazandırdığına diqqət çəkən qonaq, həmçinin vurğulayır ki, mərkəzdə dağ-xizək sahəsi, əyləncə və uşaq parkları yaradılıb ki, bu da insanların burada ailəvi istirahət etməsinə imkan yaradır. Uşaqlar üçün də xüsusi dağ-xizək sahəsi yaradılıb və xizəklə sürüşmək istəməyənlər üçün isə kanatla gəzinti təklif olunur.

Müəllif yazır: “Burada her şey düşünülüb. Çox uyğun qiymətə xizək mərkəzində istədiyiniz qədər əylənə, ailənizlə birgə gözəl vaxt keçirə bilərsiniz. Ağbulaq Xizək Mərkəzi naxçıvanlılar üçün bir nəfəs olma keyfiyyətindədir”.

Məqalənin sonunda Muhammed Akkuş yaxın zamanlarda Türkiyədən buraya turizm turlarının təşkil olunacağına əmin olduğunu bildirir,  Mərkəzi yaradanlara təşəkkür edir.

Məqalə ilə ətraflı bu linkdən  tanış olmaq mümkündür.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM