Fransanın müstəmləkə siyasətinə qarşı Yeni Kaledoniyanın (kanak xalqının) milli-azadlıq mübarizəsi

Fransanın müstəmləkə siyasətinə qarşı Yeni Kaledoniyanın (kanak xalqının)  milli-azadlıq mübarizəsi

Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət olan Yeni Kaledoniya  1853-cü ildən Fransanın tabeliyindədir. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, özünün qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa Yeni Kaledoniyaya  azadlıq verməkdən imtina edib.

Yeni Kaledoniya yarım əsrə yaxındır ki, müstəmləkədən azad olmaq, tam suveren olmaq, öz müqəddəratını təyin etmək arzusunu ifadə etsə də, Fransa bu arzunu boğur. Digər ölkələrdə separatçıları, cinayətkar rejimi dəstəkləyən Paris özünün müstəmləkəsində olan və müstəqillik arzusu ilə yaşayan kaledoniyalıları əsarətdə saxlamaqda davam edir.

1998-ci ildə imzalanmış Numea sazişinə görə Yeni Kaledoniya müstəqilliyinə qovuşmaq üçün 3 referendum keçirməli idi. Fransadan 17 min kilometrə qədər uzaqda yerləşən Yeni Kaledoniyanın müstəmləkədən çıxması üçün kaledoniyalılar 2018, 2020 və 2021-ci illərdə referendum keçirsələr də Fransa diktatura rejimi seçkini həmişə olduğu kimi dolayı yollarla saxtalaşdırdı.

2018-ci ildə baş tutan referendum zamanı da xalqın 56,7 faizi Fransanın tərkibində qalmağı seçdi. 2020-ci il referendumunda bu faiz azalaraq 53,4 təşkil etdi. Numea sazişinin icazə verdiyi üçüncü və sonuncu referendum 2021-ci ilin dekabrın 12-də keçirildi, lakin səsvermə kanak xalqının böyük hissəsi tərəfindən boykot edildiyindən əhalinin 96 faizi müstəqilliyə “Yox” dedi ki, bu da Yeni Kaledoniyanın Fransanın bir hissəsi kimi qalmasına gətirib çıxardı. Bu ilin mayında isə Yeni Kaledoniya ərazisində təklif olunan seçki islahatı ətrafında müzakirələr zamanı iğtişaşlar baş verdi. Referendumlar nəticəsində əldə edilən statistikalardan göründüyü kimi, Fransa bu ada dövləti zor gücü ilə öz təsir dairəsində saxlamaq istəyir.

Yeni Kaledoniyanın yeraltı təbii ehtiyatlarının zənginliyi, eləcə də onun Sakit okeanda geostrateji mehvər olması böyük dövlətlərdə paxıllıq, eləcə də ona qarşı tamah doğurur.

Fransanın müstəmləkəçi siyasəti artıq işləmir və müstəqilliyə nail olmaq üçün indiyədək nəticəsiz qalan cəhdlər onun son nöqtəsi kimi görünür. Baş verənlər göstərir ki, Paris resursların sərfəli istismarını təşkil edə bilmir.

Yeni Kaledoniya geostrateji nöqteyi-nəzərdən də Fransa üçün böyük əhəmiyyət daşıyır. Bəzi fransız siyasətçilər hesab edirlər ki, Yeni Kaledoniya müstəqillik qazandığı təqdirdə Fransa Sakit okean zonasından sıxışdırılaraq çıxarılacaq və bu zona Çinin nüfuz dairəsinə keçəcəkdir. Çinin bu zonadakı adalarda ayağını bərkitməsi gizli deyil.

Yeni Kaledoniya xalqı yarım əsirdən artıq bir müddətdə Fransa müstəmləkə rejiminə qarşı milli-azadlıq mübarizəsi aparsa da, rəsmi Paris demokratik imicə bürünərək rəsmi Numeaya dırnaqarası “öz müqəddəratını təyin etmək üçün referendum keçirmək azadlığı” verib. Halbuki referendum süni köçürmə və süni demoqrafik dəyişikliklərlə saxtalaşdırılıb.

Azərbaycan hər zaman müstəmləkəçiliyin əleyhinə olub  və bu gün də həmin mövqedə dayanır. Prezident İlham Əliyev Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda iştirakçılara müraciət edərək deyirdi: “...Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə, təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır... Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə baxmayaraq, kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır”.

Prezident İlham Əliyevin nitqindən sonra konfrans iştirakçılarının da Prezidentə müraciəti yayımlandı: “Biz – Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk... Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq”.

Yeni Kaledoniya Konqresinin Komitə sədri Omayra Naiselin aprelin 18-də Milli Məclisdə “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilən konfransdakı çıxışı isə Yeni Kaledoniya xalqının  ürəyindən xəbər verdi. O deyirdi:  “Biz referenduma yenidən baxış keçirilməsi üçün artıq öz şikayətimizi hazırlayıb təqdim etmişik. Bu referendum kanak xalqlarının haqlarını oğurladığı üçün biz ona qarşı mübarizə aparırıq. Azərbaycana müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə minnətdarlığımızı bildiririk”.

Emmanuel Makron siyasi diktaturası Bastiliya ənənələrini davam etdirməkdən əl çəkməli, Yeni Kaledoniya və digər xalqların beynəlxalq hüquqa uyğun şəkildə keçirdikləri referendumlara müdaxilə etməməlidir. Güc tətbiq edilməsi ilə kanak xalqını məğlub edə bilməyəcəyini başa düşməlidir. Heç təsadüfi deyildir ki, illərdir, güc tətbiq etməsinə baxmayaraq, qəhrəman kanak xalqı mübarizə əzmindən geri dönmür, əksinə, milli-azadlıq mübarizəsi hər keçən gün daha alovlu şəklidə kanak xalqını müstəqilliyə yaxınlaşdırır.

Atilla Öztürk siyasi şərhçi,

AISEDA İctimai Birliyinin həmtəsisçisi, Naxçıvan

Dövlət Universitetinin baş hüquqşünası

və Hüquq fənləri kafedrasının müəllimi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM