Fransanın ədliyyə naziri J. Darmanənin narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə planı çərçivəsində ölkə həbsxanalarındakı 100 ən iri narkotika alverçisinin yüksək təhlükəsizlikli həbsxanada təcrid edilməsi ilə bağlı təklifi mübahisələrə səbəb olub.
NUHÇIXAN xəbər verir ki, Ədliyyə İşçiləri Həmkarlar İttifaqının baş katibi Emmanuel Şambo ədliyyə nazirinin bu təklifinə dərhal reaksiya verib. O bildirib ki, Fransadakı bütün təcridxanalar və həbsxanalar artıq doludur. Təcridxanalarda ciddi nəzarətçi çatışmazlığına diqqət çəkən E. Şambo bu planın mövcud reallıqlarla ziddiyyət təşkil etdiyini qeyd edib. O, ədliyyə nazirinin bu təklifinə şübhə ilə yanaşaraq deyib: “Bir reallıq prinsipi mövcuddur”. Həbsxanaların və təcridxanaların tam dolu olduğunu vurğulayan Şambo, əlavə məkan yaratmaq üçün bəzi məhbusların buraxılmalı olacağını bildirib.
Bundan başqa, E. Şambo təcrid qərarlarının əsasən müəssisələrin təhlükəsizliyi və ya istintaqı aparan hakimlərin tələbi ilə inzibati tədbir olaraq həyata keçirildiyini xatırladıb. O əlavə edib ki, Fransada 62 min 404 yerlik həbsxanalarda 80 min 792 məhbus saxlanılır və bu rəqəm yeni rekorddur. Şambo həmçinin 100 ən iri narkotika alverçisinin necə və hansı meyarlara əsasən müəyyən ediləcəyini sorğulayıb. Belə bir siyahının yaradılmasının məhkəmə sirrinin pozulması ilə nəticələnəcəyini vurğulayan baş katib bu təklifi həm şokedici, həm də icrası mümkün olmayan bir fikir kimi tənqid edib.
Mütəşəkkil cinayətkarlıq üzrə ekspert Frédéric Ploqin isə belə məhbusları “seçməyin” olduqca çətin olacağını bildirib. Onun sözlərinə görə, həmin məhbuslar eyni həbsxanaya yerləşdirilərsə, həbsxanada qanlı qarşıdurmalar baş verəcək, ya da onlar birlikdə yeni və daha güclü bir kartel quracaq.