Türkiyə qarşıdakı yeddi il ərzində enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq ki, bu da ölkənin energetika istehlakını təxminən 15 faiz azalmasına imkan verəcək.
NTV xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bunu Kanadada keçirilən dəyirmi masa müzakirəsi zamanı açıqlayıb.
Türkiyənin naziri 2053-cü ilə qədər hava çirkliliyi tullantılarının sıfır səviyyəsinə çatmaq məqsədini bir daha təkrarlayıb. “Biz daxili yataqlardan və bərpaolunan enerji mənbələrindən (RES) istifadəyə üstünlük veririk. Türkiyə bərpaolunan enerji imkanlarından tam istifadə etməyə çalışır”, - deyə o bildirib.
Bayraktar, həmçinin nüvə enerjisi sektorunun inkişafının vacibliyini vurğulayıb. “Məqsədimiz 2050-ci ilə qədər nüvə elektrik stansiyalarının və modul reaktorlarının nominal gücünü ən azı 20 GVt-a çatdırmaqdır”, - deyə o bildirib. Nazir qeyd edib ki, Ankara bu məsələdə Ottava ilə əməkdaşlığa hazırdır.
Nazir, həmçinin Türkiyə ilə Kanada arasında üçüncü ölkə bazarlarında əməkdaşlığı da istisna etməyib.
