Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının əməkdaşlarının məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan “Tətbiqi Polimer Elmləri” jurnalında dərc olunub.
İnstitutdan NTV-yə bildirilib ki, “Polimerlə dəstəklənən metal katalizatorların süni intellektin rəhbərliyi ilə dizaynı: proqnozlaşdırıcı maşın öyrənməsindən Bayes optimizasiyasına” adlı məqalənin dərc olunduğu jurnalın impakt faktoru 3,1, kvartili isə Q2-dir.
Məqalədə metal-polimer katalizatorların layihələndirilməsi və optimallaşdırılması prosesində süni intellektin rolu qiymətləndirilir. Tədqiqatda əsas diqqət proqnozlaşdırıcı maşın öyrənməsi yanaşmalarından Bayes optimallaşdırmasına keçidə yönəldilir. Məqalədə polimer materialların xüsusiyyətlərinin proqnozlaşdırılması üçün tətbiq oluna bilən modelləşdirmə yanaşmaları, eləcə də fiziki qanunauyğunluqları nəzərə alan neyron şəbəkələri nəzərdən keçirilib.
Məqalədə müxtəlif metodları birləşdirən hibrid yanaşmalar təqdim olunub. Metal-polimer katalizatorların daha səmərəli layihələndirilməsi və optimallaşdırılması məqsədilə potensial iş axını təklif olunur. Məqalə süni intellekt və qabaqcıl hesablama metodlarının katalizatorların hazırlanması prosesinə inteqrasiyasının imkanlarını və bu istiqamətdə gələcək tədqiqatlar üçün perspektivli yanaşmaları təqdim edir.
