İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.
NTV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi prezident aparatının rəsmi nümayəndəsi Həbib Abbasiyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, səfər sabah baş tutacaq və çox güman ki, bir gün sürəcək. Məqsəd əvvəlki səfərlər zamanı qəbul edilmiş qərarların icrasını izləmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq, İranla ABŞ arasında vasitəçilik səylərinə görə Pakistan tərəfinə prezidentin minnətdarlığını çatdırmaqdır.
Pakistan Qətərlə birlikdə İran-ABŞ danışıqlarında vasitəçilik edir. Danışıqların birinci mərhələsi dünən İsveçrədə keçirilib. Pakistanın Baş naziri Şahbaz Şərif danışıqları uğurlu və ümidverici adlandırıb. Şahbaz Şərif sosial mediada belə yazıb: “Müzakirələr müsbət və konstruktiv atmosferdə keçdi və ümidverici nəticələr verdi. Buraya 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsinin hazırlanması, siyasi nəzarəti həyata keçirmək məqsədilə yüksək səviyyəli komitənin yaradılması və texniki danışıqların başlanması daxildir”. O, həmçinin ABŞ və İran rəhbərliyinin konstruktiv əməkdaşlığa sadiqliyini təqdir edərək, bu tarixi prosesin irəlilədilməsində göstərdikləri əvəzsiz dəstəyə görə bütün qardaş və dost ölkələrə təşəkkürünü bildirib.
