ABŞ və İran arasındakı gərginliyin azalması ilə gəmi sahibləri və ticarət şirkətləri qlobal neft ticarəti üçün ən vacib tranzit bölgəsi olan Hörmüz boğazından yenidən intensiv şəkildə istifadə etməyə başlayıblar.
NTV xarici mediaya istinadla xəbər verir ki, ötən həftə ABŞ və İran arasında əldə edilən müvəqqəti sülh razılaşması Hörmüz boğazında gəmi nəqliyyatının bərpasına şərait yaradıb və su yolundakı logistika böhranı sürətlə aradan qalxıb.
Bu gün 7 böyük tankerin boğazdan keçdiyi bildirilir. Həmin gəmilər arasında Körfəzdən yola düşən və tam yüklü üzən iki supertanker, eləcə də üç məhsul tankeri var. Boğazın digər tərəfində isə İran bayrağı altında üzən iki “Suezmax” gəmi müşahidə edilib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ABŞ-İran müharibəsinin başlanğıcından bəri Türkiyəyə məxsus 11 gəminin Hörmüz boğazından təhlükəsiz şəkildə keçərək Körfəzi tərk etdiyini, 7 gəminin hələ də əlavə tədbirlər gözlədiyini bildirib. Gəmilərin marşrutlarını gizlətməyə ehtiyac olmadan açıq şəkildə siqnal göndərməsi dəniz ticarəti təhlükəsizliyinin bərpa olunduğunun ən konkret göstəricisi hesab edilir. Son günlərdə milyonlarla barel xam neftin, eləcə də bölgəyə daxil olan LNG tankerlərinin Körfəzi qlobal alıcılarla birləşdirən bu strateji su yolundan təhlükəsiz şəkildə keçdiyi müşahidə olunub.
Bundan başqa, ABŞ-nin İran neft məhsullarına tətbiq etdiyi müvəqqəti sanksiya güzəşti qərarından sonra Tehran administrasiyası qlobal bazara qayıtmaq və dənizdə yığılan milyonlarla barel neftindən istifadə etmək üçün Asiyanın ən böyük idxalçılarına müraciət edib. “Bloomberg”in mənbələrindən əldə etdiyi məlumata görə, İran Milli Neft Şirkətinin nümayəndələri, eləcə də vasitəçilər Hindistan, Yaponiya və Koreya Respublikası kimi ölkələrdəki neft emalı zavodları ilə əlaqə saxlayıblar. Sanksiyalar səbəbindən uzun müddətdir demək olar ki, tamamilə Çin bazarından asılı olan İran, həm alıcı bazasını genişləndirmək, həm də aylardır dənizdə tankerdə qalan neft ehtiyatlarını tez bir zamanda satmaq üçün bu fürsətdən istifadə etməyi hədəfləyir.
“Vortexa”nın rəqəmlərinə və “Bloomberg”in hesablamalarına görə, müvəqqəti sanksiya güzəşti qərarının verildiyi tarixə qədər tankerlərdə təxminən 68 milyon barel xam neft və kondensat gözləyirdi. Bu böyük həcmin ən azı 80 faizinin hələ dəqiq təyinat yeri yoxdur və bu da neftin birbaşa yeni alıcılar üçün əlçatan olmasına səbəb olur. Lakin bu vacib addıma və rəsmi Tehranın tələsikliyinə baxmayaraq, Asiya neft alıcıları arasında sakit və ehtiyatlı bir gözləmə hökm sürür. Asiya neft emalı zavodları tələsmir, çünki onlar artıq tədarüklərini təmin ediblər və Vaşinqtonun siyasətindəki dalğalanmalardan ehtiyat edirlər. Hörmüz boğazında aylarla davam edən blokadalar səbəbindən təchizat təhlükəsizliyini təhlükəyə atmaq istəməyən region ölkələri artıq ehtiyatlarını alternativ mənbələrdən alışlarla doldurublar.
Analitiklərin fikrincə, əsas idxalçılar, xüsusən də Hindistan, avqust ayına qədər bütün neft ehtiyaclarını planlaşdırıb və təmin edib, buna görə də qısa müddətdə İran neftinə müraciət etmək üçün iqtisadi zərurət hiss etmir. Logistika və maliyyə narahatlıqları da bu bazar tərəddüdündə əhəmiyyətli rol oynayır. Tramp administrasiyasının siyasətdəki qəfil dəyişiklikləri və sanksiyalarla bağlı qətiyyətsizliyi Asiya şirkətlərinin uzunmüddətli planlar qurmasını çətinləşdirir.
Bundan əlavə, Avropa İttifaqı və Böyük Britaniya sanksiyalarının davam etməsi ticarət maliyyələşdirilməsi və tanker sığortası kimi həyati əhəmiyyətli proseslərdə çıxılmaz vəziyyət yaradır. Bir çox Asiya limanının İran neftini daşımağa davam edən yoxlanılmamış tankerləri qəbul etməkdən imtina etməsi də Tehranın bu 60 günlük müddətdən tam istifadə etməsinə mane olan ən böyük maneələrdən biri hesab olunur.
Hörmüz boğazındakı müsbət inkişaflarlar, rəsmi Vaşinqton və Tehran arasında davamlı sülhə nail olmaq məqsədi daşıyan diplomatik danışıqlar fonunda qlobal enerji bazarlarında isə neft satışları kəskin artıb. Bu da “qara qızıl”ın qiymətinin ucuzlaşmasına səbəb olub. “Brent” markalı xam neftin bir bareli hazırda 77 dollara, “Light” nefti isə 73 dollara satılır.
