Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulması istiqamətində növbəti mərhələnin həyata keçirilməsi üçün bütün mexanizmlər və lazımi tədbirlər görülür.
NTV-nin məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.
“İlk növbədə, infrastrukturun genişləndirilməsi və inkişafı təmin edilməlidir. Çünki yollar, körpülər, tunellər və digər məsələlər həll olunmalıdır. Hökumət də bu istiqamətdə müvafiq işlər həyata keçirir.
Eyni zamanda, prosedurların sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır. İnfrastrukturun inkişafı ilə yanaşı, tranzit daşımalarında prosedurların sürətləndirilməsi və daha səmərəli təşkil olunması vacibdir. Vəzifəmiz bu prosedurları daha da sadələşdirmək və onları rəqəmsal əsasda həyata keçirməkdir”, - deyə o qeyd edib.
Şahin Bağırov bildirib: “Hazırda dünyada, o cümlədən regionda yeni tranzit keçidlərində bir çox müasir alətlərdən istifadə olunur. Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı çərçivəsində, eləcə də Avropa və digər regional tərəfdaşlarla əməkdaşlıqda bu imkanlardan istifadə etmək böyük əhəmiyyət daşıyır. Bizim yeni rəqəmsal tranzit sistemimiz var. Bu sistemdən Avropa ölkələri, o cümlədən Türkiyə və Gürcüstan istifadə edirlər. Müasir tranzit sistemi tam elektronlaşdırılıb. Kağız sənədləşməyə ehtiyac olmadan məlumatların daha sürətli emalına və sərhəd keçidinin operativ şəkildə təmin edilməsinə imkan verir.
Hazırkı mərhələdə əsas hədəf yeni rəqəmsal tranzit sisteminin tətbiqi ilə bağlı işləri mümkün qədər tez başa çatdırmaqdır. Hazırda sistemin üzərində müvafiq işlər aparılır və onun informasiya texnologiyaları infrastrukturumuza inteqrasiyası təmin edilməlidir. Moldova, Gürcüstan, Türkiyə və digər ölkələrlə məlumat mübadiləsinin operativ həyata keçirilməsi, məlumatların əvvəlcədən əldə olunaraq emal edilməsi üçün elektron sistemlər bir-biri ilə uyğunlaşdırılmalı və unifikasiya edilməlidir. Bu sahədə işlər davam etdirilir və yeni sistemlər üzərində çalışılır”.
