Budapeşt Ferens List Beynəlxalq Hava Limanının operatoru tarixinin ən böyük planlaşdırma tenderlərindən birini elan edib.
NTV xəbər verir ki, layihə çərçivəsində yeni terminal binası, əlavə sərnişin körpüləri, dəmir yolu stansiyası, yeni avtomobil yolları, dayanacaqlar və hava limanının ümumi infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi nəzərdə tutulur.
Avropa İttifaqının TED tender bazasında dərc olunan sənədlərə əsasən, operator layihələndirmə şirkətləri ilə 96 ay müddətinə çərçivə sazişlərinin bağlanmasını planlaşdırır. Bu, tək bir tikinti layihəsi deyil, hava limanının hərtərəfli inkişaf proqramının hazırlanmasını əhatə edən uzunmüddətli strategiyadır.
Planlara görə, mövcud terminalların genişləndirilməsi, yeni “E” sərnişin körpüsünün inşası, aviasiya dispetçer qülləsinin tikintisi, angarlar, çoxmərtəbəli dayanacaqlar, hotel, geotermal elektrik stansiyası və digər infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Tenderin qalibi olmaq birbaşa tikinti müqaviləsi hüququ vermir. Hər bir layihə üzrə ayrıca alt-tenderlərin keçirilməsi planlaşdırılır.
