Fransanın Puatye şəhərində yerləşən və “TotalEnergies” şirkətinin törəmə müəssisəsi olan “Saft” zavodu “Barracuda” və “Scorpène” tipli sualtı gəmilər üçün yeni nəsil litium-ion batareyalarının istehsalında mühüm rol oynayacaq. Bu məqsədlə “Saft” ilə Fransanın hərbi gəmiqayırma şirkəti “Naval Group” arasında müqavilə imzalanıb. Müdafiə sirri səbəbindən müqavilənin maliyyə dəyəri açıqlanmır.
NTV xəbər verir ki, uzunluğu 60-80 metr arasında dəyişən və 33-43 nəfərlik heyət daşıya bilən “Barracuda” və “Scorpène” sualtı qayıqları nüvə mühərriki ilə deyil, hazırda qurğuşun-turşu batareyaları ilə işləyir. “Naval Group” bu texnologiyanı artıq köhnəlmiş hesab edir.
“Saft” şirkətinin Puatye şəhərində satış üzrə məsul nümayəndəsi Riçard Heqin sözlərinə görə, mövcud sistemdə sualtı gəmilər batareyaları doldurmaq üçün mütəmadi olaraq su səthinə qalxmağa məcbur olur. Yeni litium-ion batareyaları isə daha sürətli doldurulur, daha yüksək enerji tutumuna malikdir və daha az yer tutur. Bu da sualtı gəmilərin su altında daha uzun müddət qalmasına və ekipajın təhlükəsizliyinin artırılmasına imkan verəcək.
Layihə Fransa və Avropa üçün sənaye və müdafiə suverenliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Batareyaların istehsalına “Saft”ın Bordo, Anqulem və Puatye şəhərlərindəki müəssisələri cəlb olunacaq. Batareyalar Vyen departamentində yığılacaq və daha sonra yeni nəsil “Barracuda” və “Scorpène” sualtı gəmilərinə inteqrasiya ediləcək.
Yeni enerji sistemi sualtı gəmilərin döyüş imkanlarını artırmaqla yanaşı, daha az yer tutacaq və əvvəlki qurğuşun-turşu batareyaları ilə müqayisədə ekipaj üçün partlayış riskini də azaldacaq.
