Çin ölkənin cənub-şərq sahillərinə yaxınlaşan “Noul” qasırğası ilə əlaqədar ikinci ən yüksək səviyyəli narıncı xəbərdarlıq elan edib.
NTV xəbər verir ki, bu barədə Çinin Meteorologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, qasırğanın mərkəzi cümə günü səhər Filippinin paytaxtı Maniladan təxminən 560 kilometr şimal-şərqdə yerləşib. “Noul”un saatda 25-30 kilometr sürətlə qərb-şimal istiqamətində hərəkət edərək şənbə gecəsindən bazar səhərinədək Quandun əyalətinin Cjuhay şəhəri ilə Futszyan əyalətinin Canqpu rayonu arasındakı sahilə çatacağı gözlənilir.
Qasırğa ilə əlaqədar Quandun və Futszyan əyalətlərində daşqın və tayfun təhlükəsinə görə IV səviyyəli fövqəladə reaksiya rejimi tətbiq edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində sərnişin bərə reysləri dayandırılıb, minlərlə dəniz işçisi, o cümlədən neft platformalarının əməkdaşları təxliyə edilir. Həmçinin xilasetmə gəmiləri, helikopterlər və digər xüsusi texnikalar hazır vəziyyətə gətirilib.
Sinoptiklər Tayvanın şərq və cənub bölgələrində güclü leysan yağışları, Cənubi Çin dənizi, Tayvan boğazı və sahilyanı ərazilərdə isə güclü külək proqnozlaşdırırlar.
