Sankt-Peterburq yaxınlığındakı Şuşarı və Utkina Zavod ərazilərində yerləşən böyük “Wildberries” logistika kompleksləri PUA hücumlarına məruz qalıb. Hər iki anbar müvəqqəti olaraq bağlanıb.
NTV xəbər verir ki, Vsevolojsk rayonunun Novosaratovka kəndindəki anbar kompleksinə dron hücumu nəticəsində geniş ərazidə yanğın baş verib. Üç nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Başqa bir dron Leninqrad vilayətinin Kirovski rayonunun Sinyavino kəndindəki Severnaya quşçuluq fermasının anbarına düşüb. Binanın bir hissəsi uçub. Xəsarət alan olmayıb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib ki, Moskva şosesindəki mülki infrastruktura da zərbə dəyib. Nəticələrin aradan qaldırılması üzrə işlər davam edir.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, gecə ərzində bölgə üzərində 59 dron məhv edilib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində Rusiya bölgələri üzərində, eləcə də Azov və Qara dəniz sularında 571 PUA tutulub və məhv edilib.
