Qazaxıstanda 323,3 kilometrlik yeni Moyıntı-Kızıljar dəmir yolu xəttinin tikintisi davam edir.
NTV Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu xətt Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) mühüm hissəyə çevriləcək, habelə regionun tranzit və ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Yeni xətt Ulıtau və Karaqanda bölgələrindən keçir.
Tikinti işləri qrafikə uyğun davam edir. Bu günə qədər qazıntı işlərinin 93 faizi başa çatıb, 202,5 kilometr uzunluğunda yol çəkilib, 96 suötürücü boru və yeddi körpü tikilib. Layihə üzərində təxminən 2000 mütəxəssis çalışır və təqribən 700 ədəd texnika cəlb olunub. Magistralın istifadəyə verilməsi Orta Dəhliz boyunca yükdaşıma məsafəsini 149 kilometr azaldacaq, Moyıntı və Jarık stansiyalarında lokomotiv dartmasının dəyişdirilməsinə ehtiyacı aradan qaldıracaq və çatdırılma sürətini əhəmiyyətli dərəcədə artıracaq.
