“Turkish Aerospace Industries” (TUSAŞ) şirkətinin baş direktoru Mehmet Demiroğlu ABŞ-nin Türkiyəyə 80 ədəd F110 mühərrikinin tədarükünə lisenziya verdiyini bildirib. Onlardan beşinci nəsil KAAN qırıcılarının seriyalı istehsalında istifadə olunacaq.
NTV xəbər verir ki, Farnboro beynəlxalq aviasalonu (Böyük Britaniya) çərçivəsində jurnalistlərə açıqlama verən TUSAŞ-ın baş direktoru F110 mühərrikləri üçün ixrac lisenziyasının təsdiq prosesinin ABŞ Konqresində uğurla başa çatdığını qeyd edib.
O qeyd edib: “KAAN prototiplərini hərəkətə gətirmək üçün Amerikanın ilk 10 mühərriki artıq Ankaradadır. Qalan F110-ların vaxtında çatdırılmasını təmin etmək məqsədilə “General Electric” (GE) ilə fəal əməkdaşlıq edəcəyik”.
Onun sözlərinə görə, beşinci nəsil təyyarələrin seriyalı istehsalının qurulması təxminən 2,5 il çəkəcək, ona görə də ABŞ-dən mühərriklərin tədarükü prosesi Türkiyə Hərbi Hava Qüvvələri donanmasının modernləşdirilməsinə mənfi təsir göstərməməlidir.
KAAN qırıcı təyyarəsi Türkiyədə 2017-ci ildən bəri hazırlanır. Seriyalı istehsalın 2028-ci ildə başlaması planlaşdırılır.
Türkiyə hakimiyyəti əvvəllər KAAN-ın Türkiyə Hərbi Hava Qüvvələrində hazırda xidmətdə olan F-16 qırıcılarını əvəz edəcəyini bildirmişdi.
