Liviyada silahlı qrupun neft kəmərini bağlaması nəticəsində ölkənin neft hasilatı üzrə itkiləri 30,7 milyon dolları ötüb.
NTV xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyasının (NOC) yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, “Əl-Həmada” neft yatağını ölkənin ən böyük neft emalı zavodunun yerləşdiyi Əz-Zaviyə şəhəri ilə birləşdirən neft kəmərinin 20 gündən artıqdır silahlı qrup tərəfindən bağlanması hasilatın azalmasına və ciddi maliyyə itkilərinə səbəb olub.
Korporasiyanın məlumatına görə, hasil edilməyən neftin ümumi həcmi 302 min 778 barelə çatıb. Bunun dəyəri isə 30,7 milyon dollardan çoxdur. Kəmərin bağlandığı vaxtdan etibarən gündəlik xam neft itkisi 14 min 418 barel, maliyyə itkisi isə 1 milyon 470 min 636 dollar təşkil edib. Təsirlənmiş yataqlarda əməliyyat xərcləri ilə bağlı əlavə zərərlər də yaranıb.
Milli Neft Korporasiyası neft infrastrukturuna müdaxilələri pisləyərək bildirib ki, bu cür hallar ölkənin neft sənayesinə və xalqına zərər vurur. Qurum, həmçinin beynəlxalq enerji şirkətlərinin etimadının bərpası və hasilatın artırılması üçün investisiyaların cəlb edilməsi səylərinin bu hadisələrdən mənfi təsirləndiyini vurğulayıb.
NOC səlahiyyətli qurumları və ölkə vətəndaşlarını kəmərin fəaliyyətinin bərpası və neft obyektlərinə müdaxilələrin qarşısının alınması üçün səyləri gücləndirməyə çağırıb.
Xatırladaq ki, oktyabrın 30-da Milli Neft Korporasiyası silahlı qrupun Ər-Rəyayna ərazisində “Əl-Həmada” neft kəmərini bağladığını açıqlamışdı. Hadisə nəticəsində boru kəmərində təzyiq kəskin artıb və xam neftin nəqli məcburi dayandırılıb.
