Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gəncə Olimpiya İdman Kompleksində kikboksinq üzrə gənclər, yeniyetmələr və kadetlər arasında XXX Azərbaycan birinciliyi keçirilib. Yarışda ölkənin müxtəlif bölgələrindən 535 oğlan və 101 qız olmaqla, ümumilikdə 636 idmançı medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasını ölkə birinciliyində məşqçilər Etibar Qəribov, Elvin Orucəliyev, hakimlər Nail Hüseynov, Kazım Cabbarov və 5 klubdan 24 idmançı təmsil edib. Naxçıvan təmsilçiləri yarışı 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla başa vurublar.
2011–2012-ci il təvəllüdlü yeniyetmə qızlar arasında “low kick” versiyasında 56 kq çəki dərəcəsi üzrə mübarizə aparan Zenfira Məmmədli (“Ləvənt Bulut”) və 2011–2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında eyni versiyada +81 kq çəki dərəcəsi üzrə çıxış edən Əli Qəribov (“Turan”) gümüş medal qazanıblar. 2013–2014-cü il təvəllüdlü kadetlərin “kick light” versiyası üzrə Mövlan Seyidov (“Araz”) 42 kq çəkidə, Turan Həziyev (“Araz”) 69 kq çəkidə, Əbülfəz Həsənov (“Araz”) +69 kq çəkidə və 2011–2012-ci il təvəllüdlü yeniyetmələr arasında “low kick” versiyasında Oğuz Cavadlı (“Araz”) 42 kq çəkidə bürünc medala sahib çıxıblar.
