Çin Azərbaycan əlaqələrinin tarixinə nəzər salsaq bu əlaqələr e.ə II əsrdə Böyük İpək yolunun salınması ilə meydana çıxmışdır. Bu yolun ən işlək xətlərindən biri Xəzər dənizinin qərb sahilləri boyunca cənubdan şimala istiqamətlənərək Azərbaycan ərazisindən keçirdi. Azərbaycan 70 il Sovet hakimiyyətinin əsarətində olduğu dövrdə belə Çin ilə müəyən sahələrdə əlaqələri olmuşdur. Azərbaycan özünün müstəqilliyini elan edəndən sonra Çin ilə müstəqil Azərbaycan Respublikası arasında əlaqələr yaranmağa başladı. Çin Xalq Respublikası 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub.
1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuş, Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirmişdir. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanılmışdır.
2023-cü il 3 iyul tarixində Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Azərbaycan və Çin arasında "Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyannamə" imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu sənədi Azərbaycan-Çin münasibətlərində yeni bir səhifənin açılması kimi qiymətləndirmişdir. Prezident qeyd etmişdir ki, bu bəyannamə qarşılıqlı hörmət, bərabər etimad və dəstək prinsiplərinə əsaslanaraq iki ölkə arasında rəsmi strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını təsdiqləyir.
2025-ci il aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Çinə səfər etmişdir. Səfəri çərçivəsində Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə “Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalayıblar. Birincisi bu bəyanatla Avropaya bir mesaj verilmişdir ki, hər şey Avropa demək deyil, ikincisi isə Azərbaycanın əsası Ulu öndər tərəfindən qoyulan balans siyasətinin bu gündə yeritdiyini göstərən amillərdən biridir. Bu bəyanat həm da Azərbaycanın kimlərinsə diqtəsi ilə siyasət yürütmədiyini göstərən amillərdən biri olduğunu göstərir.
Azərbaycan Çin arasında iqtisadi əlaqələr. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktik layihələr həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.
Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. 2024-cü ilin yanvarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. O cümlədən, Azərbaycanın Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur.
Azərbaycan və Çin arasında imzalanmış "Əhatəli Strateji Tərəfdaşlıq" sənədi təkcə iki ölkənin siyasi iradəsinin təzahürü deyil, həm də Cənubi Qafqaz və Asiya regionlarında yeni əməkdaşlıq modellərinin təməlini qoyur. Bu bəyanat, əməkdaşlığın dərinləşməsinə və daha sabit, qarşılıqlı faydalı münasibətlər sisteminin formalaşmasına zəmin yaradır.
İqtisadi münasibətlərin aparıcı vasitələrindən biri də nəqliyyat əlaqələridir. Çinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. "Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi hesab olunan Transxəzər Beynəlxalq Nəqliyyat dəhlizi (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Bu dəhlizin bir qolu da Zəngəzur dəhlizidir.
Azərbaycan Çin arasında mədəni əlaqələr. 2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Günü”, 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilib. “Eyni zamanda, 2012-ci il dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. 2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Respublikası səfirliyinın dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert proqramı baş tutub. Azərbaycanda fəaliyyət göstərən Konfutsi institutları və Çin dilinə olan artan maraq iki ölkə arasındakı mədəni əlaqələrin güclənməsinə xidmət edir. Çində Azərbaycan Prezidentinin dövlət səfəri çərçivəsində keçirilən ziyafətdə 12 Azərbaycan mahnısı səslənib. Maraqlıdır ki, onlardan ikisi “Arşın mal alan” filmindəndir. Bu da təsadüfi deyil. Bu əsər Çində ən məşhur Azərbaycan əsəridir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə "Tantsiyao" Teatrının səhnəsində tamaşaya qoyulub. Elm və texnologiyanın inkişafında Çinin əldə etdiyi uğurları nəzərə alsaq, bu sahədə əməkdaşlığın gücləndirilməsi ölkəmiz üçün çox faydalıdır.
Asəf ORUCOV
Ali Məclisin deputatı