Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaradacaq.
NTV xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Bu gün Şərur rayonunda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı müşavirə keçirilib. Müşavirədən irəli gələn vəzifələrin icrası ilə əlaqədar kecirilən tədbirdə özəl sektor nümayəndələrinə Dövlət proqramı barədə ətraflı məlumat verilib, sahibkarlarla geniş müzakirələr aparılıb, onların təklif və sualları dinlənilərək cavablandırılıb. Müşavirədə proqramın Muxtar Respublikada tətbiqi imkanları, prioritet istiqamətləri və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.
M.Məmmədov qeyd edib ki, fundamental tədbirlər kənd təsərrüfatı sahəsində birbaşa həyata keçiriləcək fəaliyyətləri, dəstəkləyici tədbirlər isə qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşma istiqamətində görüləcək işləri əhatə edir: " Bugünkü görüşdə Naxçıvanda fundamental tədbirlərin icrası, özəl sektorun bu prosesdə iştirakı və dövlətin dəstək mexanizmləri barədə məlumat verildi. Xüsusilə heyvandarlıq, bitkiçilik və müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin əhəmiyyəti vurğulandı".
Nazir qeyd edib ki, bu ilin fevral ayında "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nı təsdiq edilib. Bu çərçivədə ərazilərin su ilə təminatının yaxşılaşdırılması, müasir suvarma sistemlərinin qurulması, su anbarlarının və digər infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Müşavirədə həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının Naxçıvanın iqtisadi inkişafına verəcəyi töhfələrdən danışıldı. Bildirildi ki, dövlət proqramının icrası istehsal və emal imkanlarının genişlənməsinə, eyni zamanda məhsulların yeni ixrac bazarlarına çıxarılmasına şərait yaradacaq".
Məhsuldarlıqla bağlı proqnozlara toxunan M.Məmmədov qeyd edib ki, dövlət proqramının əsas hədəflərindən biri müasir suvarma sistemlərinin tətbiqi və qabaqcıl aqrotexniki üsulların genişləndirilməsi hesabına məhsuldarlığın artırılmasıdır. Bu istiqamətdə qarşıya qoyulan məqsədlərdən biri suvarılan ərazilərdə buğda üzrə orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılmasıdır. Pambıqçılıqda da orta məhsuldarlığın ölkə üzrə 5 tona yüksəldilməsi nəzərdə tutulur.
"Müasir suvarma və aqrotexniki qulluq tədbirlərinin tətbiqi digər kənd təsərrüfatı məhsulları üzrə də məhsuldarlığın artmasına imkan verəcək. Dövlət proqramının əsas məqsədi isə daha az resurs sərf etməklə hər hektardan daha çox və keyfiyyətli məhsul əldə olunmasına nail olmaqdır"-deyə nazir əlavə edib.
