Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Hüseyn Rəhimli qərargahı CAR-ın Midrand şəhərində yerləşən Pan Afrika Parlamentinin (PAP) prezidenti Fateh Boutbig ilə görüşüb.
NTV xəbər verir ki, görüşdə PAP prezidenti təyin olunması münasibətilə F.Boutbigi təbrik edən səfir ona gələcək fəaliyyətində, o cümlədən Azərbaycan Milli Məclisi ilə rəhbərlik etdiyi qurum arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar diləyib. O qeyd edib ki, Milli Məclis Afrika ölkələri parlamentləri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan, tərəfdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial mövcuddur. Hüseyn Rəhimli Milli Məclis ilə PAP arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin parlamentlərarası dialoqa müsbət töhfə verə biləcəyini deyib. Xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin gücləndirilməsinin parlamentlərarası əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
F.Boutbig qeyd edib ki, PAP-ın həm Azərbaycan Respublikasının Milli Məclisi, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə daha sıx əməkdaşlığı parlament diplomatiyasının əsas məqsədləri olan dialoq, həmrəylik və kollektiv fəaliyyətin təşviqinə mühüm töhfə verə bilər. O, həmçinin S.Qafarovanın dəvəti qəbul edərək cari il iyulun 31-dən avqustun 1-dək Cənubi Afrika Respublikasında keçiriləcək Afrika milli və regional parlament rəhbərlərinin toplantısında iştirakını yüksək qiymətləndirib. Bunun Milli Məclis ilə PAP arasında mövcud əməkdaşlığın daha da genişlənməsi üçün əhəmiyyətli imkanlar yaradacağını bildirib.
Görüş zamanı ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və iqtisadi islahatlar, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir sosial-mədəni infrastrukturun yaradılması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası, eləcə də Azərbaycanın üzləşdiyi mina təhlükəsi və minalanmış ərazilər problemi barədə ətraflı məlumat verilib.
