Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
NTV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr R. Nəbiyevin Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüşündə baş tutub.
"Böyük Britaniya investorlarını Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət etdik. Eyni zamanda metro, dəmir yolu, dəniz və hava nəqliyyatı, eləcə də telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi apardıq",-deyə nazir qeyd edib.
R. Nəbiyev həmçinin Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Mazer ilə görüş keçirib.
Tərəflər rəqəmsal nəqliyyat sistemləri, süni intellekt əsasında yaradılan "Rəqəmsal Nəqliyyat Əkizi" və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanları ətrafında fikir mübadiləsi aparıb.
R. Nəbiyev görüşdə Azərbaycanın tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verdiyini bildirib.
