İgid atanın qəhrəman oğlu…

İgid atanın qəhrəman oğlu…

Qəhrəman ocağından qəhrəman doğular, - deyib müdriklərimiz. Elə haqqında məlumat verəcəyimiz Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Əhmədiyə oğlu Cəbrayılov da Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində dünyaya göz açıb. Bildirim ki, bu gün Vətənin igid oğlu Mikayıl Cəbrayılovun doğum günüdür.

1952-ci ilin aprel ayının 27-də Şəki rayonunun Oxud kəndində anadan olan Mikayıl Cəbrayılov uşaqlığı keçən bu kənddə səkkizinci sinifə qədər orta təhsil alır. Sonra isə Şəki Şəhər 5 saylı Fəhlə-Gənclər Məktəbində təhsilinə davam edir. O, ilk iş fəaliyyətinə 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsi ilə başlayır. Burada təhsilini davam etdirən qəhrəmanımız 1976-cı ildə Milis Məktəbinə daxil olur. Məktəbi 1978-ci ildə bitirən Mikayıl leytenant rütbəsi alaraq sahə müvəkkili üzrə işlə təmin edilir. Xidmət etdiyi dövrdə baş leytenat rütbəsinə yüksələn vətənin igid oğlu 1990-cı il dekabrın 12-də yeni tapşırıqla dörd nəfər polis əməkdaşı ilə Qarabağa ezam olunur. Onlara verilən əsas tapşırıq Xocalı rayonun Cəmilli kəndinin müdafiəsində iştirak etməli, kəndi quldur dəstəsindən qorumaq idi. Tapşırıq üzrə dəstəyə başçılığı Mikayıl edirdi. Çətinliklə də olsa, Mikayıl özü ilə bərabər, 4 polis əməkdaşını Cəmilli kəndinə gətirib çıxara bildi. Durmadan hücumla üzləşən kənd camaatı kəndi qorumaq üçün gələn Mikayıl və onun dəstəsini böyük sevinclə qarşıladılar. İlk öncə kəndə bütün strareji yerlərlə tanış olan vətənin igid oğlu bir neçə dəfə düşmən hücumunun qarşısını alır və kəndi mühasirədən çıxarmağı bacarırlar. Verilən əks-cavabdan qorxuya düşən mənfur düşmənlər əlavə kömək dəstəsi yığaraq kəndin giriş və çıxış yollarını kəsirlər. Həmin vaxt kənddə ərzaq qıtlığından əziyyət çəkən əhali üçün vəziyyətdən çıxış yolu axtaran Mikayıl qərar verir ki, - “Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə getmək lazımdır”. İki nəfər polis yoldaşını kəndi qorumaq üçün təyin edən qəhrəmanımız özü ilə bir polis əməkdaşı və 15 könüllü kənd sakinini götürərək Kosalar kəndinə yola düşürlər. Onlar gözlənilmədən Cəmilli-Kosalar kəndi yolunda düşmən hücumu ilə qarşılaşırlar. İki tərəfli hücuma məruz qalan Vətənin igid oğlu, mühasirədə olduğunu anlayaraq avtomobildən yerə düşüb, digər polis yoldaşına sakinləri qorumağı üçün həmin yerdən uzaqlaşmağı tapşırır. Özü isə silaha sarılaraq düşmənə cavab atəşləri açır. Qeyri-bərabər döyüşdə təkbətək erməni quldurları ilə savaşan qəhrəmanımız son gülləsinə kimi düşmənə layiqli cavab verir. Ancaq xain düşmənin atdığı güllələrdən biri Mikayıl Cəbrayılovun sinəsinə tuş gələrək onu ali məqama yüksəldir. Əbədiyyən gözlərini yuman qəhrəmanımız Vətən, xalq yolunda canından keçirərək şəhid adını qazanır…

Qeyd edim ki, Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Dörd övlad atası olan qəhrəmanımızın adı əbədiləşdirilərək qoruduğu kəndə və Şəki şəhərində küçələrdən birinə verilmişdir.

“Ot öz kökü üstə bitər”-deyib atalarımız. Vətənin igid oğlu ailəsindən aldığı tərbiyə və vətənpərvərliyi ilə bu gün hər bir gəncimizə nümunə olacaq qəhrəmanlıqlar edərək xalqın məhəbbətini qazanıb. Onun bu qəhrəmanlığı nəsilbənəsil ötürüləcək, hər zaman xatırlanacaq və ruhu qarşısında baş əyiləcəkdir…

Səriyyə Salahova

NUHÇIXAN

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM