Xocalının “Mixaylo” ləqəbli qəhrəmanı…

Xocalının “Mixaylo” ləqəbli qəhrəmanı…

İnsan dünyaya eyni gəlsə də, müxtəlif, fərqli talehlər yaşayır. Bəlkə də alın yazısını, bəlkə də qismətini… Bilmirəm necə olur, ancaq bir-birinə bənzəməz ömür qət edir. Oxuduğum, araşdırma etdiyim qəhrəmanların da biri-birindən fərqli talehləri olsa da, bir niyyətdə, bir məqsəddə hər zaman birləşdiklərini görürəm. Bu, onların qəlblərində olan ülvi sevgisi, məhəbbətləri – Vətən eşqidir... Onlar ömürlərini bu yola, bu istiqamətə adayıblar… Hər biri fəqli talehlər yaşasa da, bir niyyətdə birləşib Vətən fədaisi olublar…

Növbəti yazımda, Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Tofiq Mirsiyab oğlu haqqında məlumat verəcəyəm. Qəhrəmanımız 38 il ömür yaşasa da, hər kəsə nümunə olacaq bir igidlik salnaməsi yazıb… bu salnamə ilə tanış olduqca, vətənin Tofiq kimi qəhrəman oğulları ilə fəxr edir, qürur duyursan…

Vətənin igid oğlu Tofiq Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olmuşdur. Orta təhsilini Xocalı şəhərində başa vuran qəhrəmanımız Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda mexanizasiya fakültəsinə daxil olur. O, 1974-cü ildə texnikumda təhsilini bitirib hərbi xidmətini etmək üçün Qazaxıstan Respublikasının Alma-Ata şəhərinə göndərilir. Əsgəri xidmətini 1976-cı ildə başa vuraraq vətənə geri dönür. Əmək fəaliyyətinə Xocalı şəhər tam orta məktəbində hərbi hazırlıq müəllimi olaraq başlayır. Sonralar ölkədə baş verən qarışıqlıq, ermənillərin yersiz torpaq iddiaları, Qərbi Azərbaycandan yerli əhalinin zorla deportasiya olunması vətənin igid oğlunu dərindən narahat edir, bu hadisələrin qarşısının alınması üçün hazırlıqlar görülməlidir deyir... O, 1991-ci ildə böyük səylərlə Xocalı ərazi özünümüdafiə batalyonunun yaradılmasına nail olaraq tabora komandirlik edir. Tofiq tezliklə göstərdiyi igidlik və şücaətə görə "Mixaylo” ləqəbi ilə tanınır.

1992-ci ildən başlayaraq səngiməyən erməni hücumlarına qarşı döyüşlərə atılan Rasimin rəhbərlik etdiyi tabor Meşəli kəndi uğrunda gedən döyüşdə onlarla erməni əsgərlərini məhv edir, düşmənə gözlənilməz zərbələr endirilir. Onun şücaəti ilə Naraguğ kəndində yerləşən və Xocalı şəhərini top atəşinə tutan top-batareya nöqtəsi susdurulur. Mehdikənd kəndinin fermasında yerləşən erməni yaraqlılarının artilleriya qurğusu “Alazan” məhv edilərək on erməni əsgəri əsir götürülür. Bu uğurlu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verilir.

Düşmən aramsız hücumu ilə 1992-ci il fevral ayının 26-da Xocalı ətrafına yaxınlaşır. Tofiq döyüş yoldaşları ilə birlikdə şəhərin müdafiəsinə qalxır. Əliyalın, dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşan Tofiq qeyribərabər döyüşdə bir qisim əhalini düşməndən xilas edə bilir. Ancaq öz ailəsini, ata-anasını, həyat yoldaşını, qardaşını düşmən gülləsindən xilas edə bilmir. Onlar həmin faciədə şəhid olurlar. Qəhrəmanımız bu itkilər qarşısında yenə də düşmənlə döyüşməyə davam edir. O, son gülləsinə kimi vuruşaraq, əsir düşməmək üçün əl qumbarasını sinəsində partladır. Tofiq bu qəhrəmanlığıyla özü ilə bərabər 10-a yaxın düşmən əsgərini də məhv edir. Vətənin igid oğlu Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilir. Bütün ailəsini Xocalıda itirən qəhrəmanımızdan geriyə üç övladı əmanət qalır.

Qeyd edim ki, mayor Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vətəndən pay olmaz - deyib müdriklərimiz! Biz Vətən payımızı geri aldıq! Vətən uğrunda son damla qanına kimi vuruşan igid oğullar, qisasınız yerdə qalmadı, Xocalının qisası alındı!

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində düşmənə 30 il öncə verilə bilməyən cavab layiqi ilə verildi. Onlar Azərbaycanın Müzəffər, Şanlı Ordusu qarşısında diz çökdülər. Sizin bizə əmanət qoyduğunuz ana torpaqlarımız, bütöv Qarabağımız, Şuşamız, Xocalımız, Xankəndimiz… bütün kənd və şəhərlərimiz işğaldan azad edildi. İndi bütöv Azərbaycanımız var! Hər bölgəmizin zirvəsində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Ruhunuz şad olsun! Əmanətiniz öz doğmalarındadır artıq…  

Səriyyə Salahova

NUHÇIXAN

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM