Xəbər verdiyimiz kimi, “Naxçıvanbank” ASC-nin adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyindən 23 iyun 2024-cü il tarixində saat 23:00-da ona məxsus ödəmə məntəqələrində elektrik enerjisinin dəyərinin ödənilməsi və smarkart tipli sayğacların balansının artırılması dayandırılmışdır.
NUHÇIXAN xəbər verir ki, mövcud çətinliyi aradan qaldırmaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti “MPAY” Qapalı Səhmdar Cəmiyyəti ilə smart kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin ödənilməsi məqsədilə müqavilə imzalayıb.
Hazırda Naxçıvan şəhəri üzrə bir neçə yerdə - Əliabad qəsəbəsindəki "Baba" marketdə, Aviakassanın və əvvəlki "Naxçıvanbank"ın qarşısındakı ödəmə məntəqələrində smartkart tipli elektrik sayğaclarının ödənişlərinin bərpası təmin olunub. Gələn həftənin ortasına qədər bütün muxtar republika üzrə ödəmə məntəqələrində smartkart tipli elektrik sayğaclarının balansını artırmaq mümkün olacaq.
Qeyd edək ki, bu məsələ ilə əlaqədar Naxçıvan televiziyasında araşdırma materialı yayımlanmışdır. Və bu materialın yayımından sonra məsələyə diqqət artırılıb.