Naxçıvanda bu ilin noyabr ayının sonunda su anbarlarında 145,32 milyon kubmetr su ehtiyatı mövcud olub

Naxçıvanda bu ilin noyabr ayının sonunda su anbarlarında 145,32 milyon kubmetr su ehtiyatı mövcud olub

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin noyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2024-cü ilin noyabr ayının sonunda su anbarlarında 145,32 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə noyabr ayı ərzində 22,75 milyon kubmetr su verilib, bunun müqabilində 18 294 hektar torpaq sahəsi suvarılıb.

2024-cü ilin noyabr ayı ərzində 0,31 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib, 21,06 kilometr beton və torpaq kanallar, 41,38 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib, 2,76 kilometr içməli su, 0,25 kilometr kanalizasiya, 0,45 kilometr təzyiqli boru xətti çəkilib, 0,79 kilometr mövcud içməli su xətlərində, 0,08 kilometr kanalizasiya xətlərində, 0,43 kilometr kaptajlarda, suvarma boru xətlərinin 0,34 kilometr hissəsində və təzyiqli boru xətlərinin 1,1 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq üçün kollektorlar lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 27 hektar, Babək rayonunun 10 hektar, Naxçıvan şəhər ərazisinin isə 15 hektar olmaqla, ümumilikdə, 52 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda 80 metr, Şahbuz rayonunda isə 230 metr selə qarşı istiqamətləndirici bənd qurulub.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib. Bundan əlavə, muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Vayxır kəndində yeni qazılmış subartezian quyusundan 1632 metr uzunluğunda, Sirab kəndində vətəndaşların öz vəsaiti hesabına qazdırdığı subartezian quyusundan isə 1020 metr uzunluğunda yeni suaparıcı boru xətti çəkilib.

Suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılıb. Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində mövcud yaşıllıq zolaqlarında suvarma boru xətlərinin 90 metr hissəsində təmir-bərpa işləri həyata keçirilib.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib və yeni təzyiqli boru xətti çəkilib. Belə ki, Şahbuz rayonunun Kiçikoba kəndində mövcud subartezian quyusundan 450 metr uzunluğunda suaparıcı boru xətti çəkilib. Şərur rayonunda “Zeyvə-1”, “Ərəbyengicə”, “Muğanlı”, “Qorçulu”, “Həmzəli-1”, və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,05 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Cəhri-1” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,28 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərinin 0,04 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1”, “Yaycı-3” və “Bənəniyar” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,13 kilometr hissəsində, Ordubad rayonunda “Dəstə-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,05 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1” və “Şahtaxtı” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,1 kilometr hissəsində, Naxçıvan şəhərində “Qaraçuq-1”, “Qaraçuq-2” və “Azərbaycan” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,45 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin noyabr ayı ərzində 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 1 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 89 metr kürə təmizlənib, 6 metr saybənd hörülüb. Bundan əlavə, Kəngərli rayonunun Xok kəndində yerləşən “İsaxan” kəhrizinə diametri 300 millimetr olan 30 metr uzunluğunda asbest boru quraşdırılaraq təmir olunub.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 27 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Şahbuz rayonunun Sələsüz kəndinin su təminatını yaxşılaşdırmaq üçün Daylaqlı kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb, həmçinin Culfa rayonunun Əbrəqunus kəndində yeni qazılmış subartezian quyusuna nasos aqreqatı quraşdırılıb və elektrik təchizatı ilə təmin olunıb.

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM