Türkmənistanın xarici işlər nazirinin müavini, Prezident Aparatının Dövlət protokolu və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sərdar Muhammetdurdiyev Azərbaycanda matəm günü ilə əlaqədar ölkənin Türkmənistandakı səfirliyini ziyarət edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Paylaşımda qeyd olunur ki, S.Muhammetdurdıyev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar səfirlikdə açılan xatirə kitabında ürək sözlərini yazıb.
Türkmənistan XİN başçısının müavini həmçinin dərin kədər hissi keçirdiyini bildirib və belə ağır bir vaxtda qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.