satellite   Azerspace-1: 11135 H 30000

Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar

Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar

Kembric Universitetinin alimləri ürək əzələsi hüceyrələrinin yenidən bölünməsini stimullaşdıran və infarktdan sonra zədələnmiş toxumanın bərpasına kömək edən eksperimental mRNT terapiyası hazırlayıblar.

NTV xəbər verir ki, tədqiqatın nəticələri "Nature Cardiovascular Research" jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan sınaqlarda yeni üsul plasebo ilə müqayisədə ürəyin fəaliyyətini təxminən 10 faiz yaxşılaşdırıb.

Terapiya ürək hüceyrələrində hüceyrə bölünməsini tənzimləyən Myc və siklin T1 adlı iki zülalı müvəqqəti aktivləşdirir. Bu, yetkin orqanizmdə, adətən, demək olar ki, bölünmə qabiliyyətini itirən ürək əzələsi hüceyrələrinin çoxalmasını stimullaşdırır.

Tədqiqatçılar infarktdan sonra siçanlara preparat yeridərək ürəyin fəaliyyətini exokardioqrafiya vasitəsilə qiymətləndiriblər. Terapiya alan heyvanlarda ürəyin hər yığılma zamanı qan dövranına ötürdüyü qanın həcmi artıb. Müsbət təsir 28 gün və 12 həftə sonra aparılan təkrar müayinələrdə də qeydə alınıb. Eyni zamanda, siçanlarda aşkar yan təsirlər müşahidə edilməyib.

Alimlərin izahına görə, infarkt zamanı ürək əzələsinin hüceyrələrinin bir hissəsi məhv olur və onların yerini çapıq toxuması tutur. Nəticədə ürəyin qanı effektiv şəkildə pompalamaq qabiliyyəti zəifləyir və bu, ürək çatışmazlığına səbəb ola bilər. Mövcud müalicə üsulları simptomları nəzarətdə saxlamağa və xəstəliyin inkişafını ləngitməyə kömək etsə də, itirilmiş hüceyrələri bərpa etmir.

Tədqiqatın həmmüəllifi, Kembric Universitetinin dosenti Ketrin Uilson bildirib ki, yeni yanaşma potensial olaraq yalnız simptomlara deyil, ürəyin fəaliyyətinin pisləşməsinin əsas səbəbinə təsir göstərməyə imkan verə bilər.

İnsanlar üzərində klinik sınaqlara başlanmazdan əvvəl metodun təhlükəsizliyi və effektivliyi daha iri heyvanlar üzərində qiymətləndirilməlidir. Tədqiqatçılar gələcəkdə bu terapiyanın ürək çatışmazlığı olan xəstələrə kömək edəcəyinə ümid edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM