Payız fəslinin son həftəsindən artıq qarlı-boranlı qış gəlişini havada şaxtasıyla göstərməyə başlayıb. Xalqımız qış fəslini qarşılamağı qədimdən bəri özünəməxsus şəkildə bayramla qeyd edir. Bu bayrama Çillə mərasimləri daxildir.
Çillə mərasimindən söhbət açmışkən yadıma nənəmin mərasimlə bağlı dedikləri düşür. “Çillə gecəsi adətdəndir ki, həmin gecəyə uyğun süfrəni açıb, bütün ailə üzvlərini süfrə başına toplayasan. Gecənin əsas mərasimi qarpızın kəsilməsidir. Qarpız olmazsa, həmin gecə onun yerinə nar kəsilməlidir”.
Qeyd edək ki, xalq etiqadlarında və inamlarında çillə mərasimlərinə aid zəngin materiallara rast gəlirik. Bu mərasim haqda geniş məlumat almaq üçün AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovu redaksiyamıza dəvət edirik. Dəvətimizi qəbul edib qonağımız olan Asəf müəllim çillə mərasimi ilə bağlı geniş və maraqlı məlumatlar verir.
- Xalqımız ta qədim zamandan qış fəslini qarşılayarkən, bu fəsli çillə adı ilə üç yerə bölüb. Bu el arasında böyük çillə, bayram mərasiminin keçirildiyi ilk gündür ki, dekabrın 21-də gecə qeyd olunur. Böyük çillə xalqın inancına görə 40 gün çəkir. Sonra kiçik çillə gəlir ki, bu da təqvimlə 20 gün, daha sonra kiçik çillənin yerini ala çillə və ya ala çolpav deyilən çillə əvəzləyir ki, buda təqvimlə 1 ay çəkir. Bildiyimiz kimi böyük çillənin ilk gecəsi ilin ən uzun və qışın başlanğıc gecəsidir. Öyrəndiyim bir çox mənbələrdə qeyd edilib ki, çillə “çehil” sözündən yaranıb, mənası “qırx” deməkdir. Çillə əsasən, dərd, çətinlik və xəstəlik mənasında qəbul edilir. Bu da qarın yağması ilə yaranan çətinliklərlə bağlıdır.
Çillə bayramına hazırlıq xalq arasında bir neçə gün əvvəldən başlayır. Həmin gecə süfrəyə “Q” hərfi ilə başlanan nemətlər - qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut qoyulur. Amma süfrənin ən əsas neməti “çillə qarpızı” olur ki, ailə üzvlərinin hər biri bu nemətdən yeməlidir. İnanclara görə qarpız sərin yeyilən meyvə olduğundan çillə qarpızını kəsəndə “qışa, sənin gəlişindən biz qorxmuruq”, “ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim, yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum”,- deyirlər. Əlavə olaraq bildirirəm ki, mənbələrdə qeyd olunub ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində xüsusi qarpız növü əkilir ki, bu tərəvəz məhz, çillə mərasimi üçün saxlanılır. Hətta uzun müddət saxlana bilən bu tərəvəz Novruz bayramında da süfrəyə qoyulur.
“Çillə qarpızı”na bolluq, bərəkət rəmzi kimi baxılır. Muxtar respublikanın rayonlarından – Ordubad və Şərurda yaşlı insanlarla söhbət zamanı məlumat alırıq ki, çillədə qarpızın kəsilməsi günümüzün qırmızı, yəni Günəşli olması ilə bağlıdır. Həqiqətən, bu inancla qarpızın içərisinin qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər. Bu da istiliyi çağırmaq anlamına gəlir. Bu mərasimin əsas ayinlərindən biri də “Çillə qarpızı” kəsilən vaxt ailə arasında niyyətin edilməsidir. Mərasimdə niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə – ağ və ya göy olarsa, niyyət qəbul edilmiş hesab olunur. Bu, daha bir fikir söyləməyə əsas verir ki, bəlkə də, insanların çillə gecəsi qarpızın qabığının bir hissəsini dörd yerə bölüb niyyət tutub atması dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır. Başqa adətlərdən biri də çillə qarpızının kəsilib, yeddi evə pay göndərilməsidir. Bu da “bizim evə gələcək bolluq və bərəkətin, sizin evdə də olmasını istəyirik” anlamına gəlir. Bayram günü adətlərinin əsaslarından biri də, yeni ailə quranlara qız evindən, nişanlı olanlara isə oğlan evindən “çillə qarpızı” bayram payı gətirilməsidir. Bu adətin bir fərqli cəhəti var ki, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyulur. Bu mərasimdə qarpız aparılan bıçaqla kəsilməli və qarpızın yarısı bıçaqla bərabər, oğlan evinə qaytarılmalıdır.
Bu qarpız çilə qarpız,
Düşübdür dilə qarpız,
Yığılıb xonçalara,
Gedir yar gilə qarpız.
Qeyd edim ki, bu mərasimin keçirilməsində gecənin əsas neməti olan “Çillə qarpızı” olmasa xalq arasında belə bir inanc da var ki, süfrəyə qüvvəli istilik verən yeməklər bişirilib qoyulur. Əsasən Ordubad rayounda həmin gün evlərdə un yeməkləri (xəşil, tərək, quymaq), hədik bişirilər, qovurğa qovurular, qovut çəkib süfrəni bəzəyərlər. Rayonun bəzi kəndlərində isə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərlər. Muxtar respublikanın bəzi bölgələrində isə çillədə qarpız olmadıqda başqa meyvələrlə əvəzləyib kəsərlər. Bu da, xalq arasında olan inanclardan biridir ki, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Bütün bu ayinlərdən bir nəticəyə gəlirik ki, bu nemətlər sərinləşdirici əlamətlərə malikdir. Bayram gecəsi həmin nemətlərin yeyilməsi qışın soyuğuna qarşı çıxmaq, ona hazır olmaq anlamına gəlir.
Etnoqrafik çöl materiallarında qeyd olunur ki, xalq təqvimində böyük çillənin birinci ongünlüyü “qarı qatıldı küfləyə”, yanvar ayının əvvəli isə “qarı boğan”, sonları isə “qurdun insanın ətinə yerikləyən dövrü” adlanır. Son dövrü sərt qışın ortasında ac qalan qurdun insanlara da hücum edə bilməsi ilə bağlı deyilən inancdır. Qışın bərk şaxtalı günlərinə həm də “Qışın qulun (atın balası) salması” dövrü də adlanır.
Çillənin əsas simvolu “qar”dır, -deyən Asəf Orucov bildirdi ki, qış fəslində qar bərəkət rəmzi kimi görülür. Buna səbəb payız əkinlərinin qalın qar ilə örtülməsi və şaxtadan qorunmasıdır. Yazda əriyən qara görə çay və bulaqlarda bol suyun olması isə əkinin bolluğundan xəbər verir. Qarla bağlı fikirlərimi deyilən Atalar sözləri - “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” və foklor nüməsi ilə tamamlayıram.
Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə,
Taxıllara yorğan ol,
Bağçalara bar çillə.
Qədimdən qalan çillə bayramı ilə bağlı mərasimlər bu gün də xalqımız tərəfindən yaşadılır. Bildirək ki, fəsillər içərisində qışın gəlişi də gedişi də bayramla qeyd olunur. Bu fəslin yola salınması insanlarda böyük ruh yüksəkliyi yaradır. Bunun üçün də yaz fəslinin gəlişi böyük təntənə ilə qarşılanır.
“Çillə” bayramı ilə bağlı uzun və maraqlı söhbətin sonunda Asəf müəllimə sağol deyirik. Öyrənib və bildiklərimizi yazarkən qəlbimdən bu bayram gecəsində mənimdə xalqım kimi niyyət tutmaq keçdi: Qış fəsli gəlişi ilə ölkəmizə ruzi-bərəkət gətirsin. Xalqımız qarpız kəsər kimi çilləni kəsib yaz fəslini sağ-salamat qarşılasın…
Çillə bayramınız mübarək olsun!
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı