Bu barədə Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova özünün feysbuq hesabında paylaşım edib.
NUHÇIXAN-ın məlumatına görə paylaşımda deyilir:
“Azərbaycanda həkimlərin bir kəsimi var ki, özlərini az qala “Hollivud ulduzu” sayağı göstərirlər, sosial şəbəkələrdə dəbdəbə, lüks geyimlər, səyahətlər və sair nümayiş etdirirlər, öz işlərinin mahiyyətini yox, zahiri bər-bəzəyini gözə soxurlar (məsələn hamilə qadını maarifləndirmək, doğuşa qədərki mərhələləri izah etmək əvəzinə uşağı xəstəxanadan evə çıxarmağın təntənəli videolarını paylaşırlar), şou verilişlərdə müğənnilərlə yanaşı oturub onların “zarafatlarına” gülür, “oxuduğuna” əl çalır, hətta bəzən qol götürüb oynayırlar, şou-biznesin qiybətlərinə münasibət bildirirlər, əməliyyatxanadan “klip” çəkib paylaşırlar və daha nələr…
Həmişə düşünürəm ki, görəsən bu həkimlərin o qədər xəstəsi, növbə gözləyəni olduğu halda onlar günün bir neçə saatını bu “şou həyat”a necə həsr edə bilirlər, necə çatdırırlar?
Bir çoxunun xahiş-minnətlə qəbulunda yer tapirsan, bir dəfə baxıb deyirlər ki, yox mən bu MRT-ni qəbul etmirəm, gərək filan həkimin çəkdiyi MRT olsun, gərək filan klinikanın analiz nəticələri olsun. Əlqərəz hamısını toplayıb qayıdırsan, sənə bahalı dərmanlar yazırlar, sonra zəng edirsən deyəsən ki, dərman mənə düşmür, halım daha da pisləşir, telefonu köməkçilər açır və 2-3 günə geri dönüb suala cavab verirlər. Ya da heç cavab da vermirlər.
Şəxsən mən və ailəm bu cür performansla özünü reklam edən həkimlərin peşəkarlıq səviyyəsinə inanmırıq və onların qəbuluna getmirik.
Azərbaycanda həkimlər yalnız bu şoumenlərdən ibarət deyil. İşinin peşəkarı olan çoxlu həkim var ki, heç sosial şəbəkədə gəzib-dolanmağa 10 dəqiqə belə vaxtı yoxdur. Onların reklamı “kliplər” və “konsertlər” deyil, onların reklamı sağalan xəstələri, uğurlu əməliyyatlarıdır. Həqiqətən yaxşı həkim soraqlayanda onların adını eşidirsən və qəbuluna gedib xeyir tapırsan. Hamısı da mütəvazi, səbrlidir və xəstəyə sayğı ilə davranırlar.
Öz peşəsinin gerçək sahibi olan, canımızın xilaskarı əsl həkimlərə böyük sevgi və sayğıyla!!!
Allah sizi bizə çox görməsin!”