Şəhid operator Fəxrəddin Şahbazov

Şəhid operator Fəxrəddin Şahbazov

Vətənin dar anında hansı peşənin sahibi olur-olsun qeyrətli oğullarımız torpaqlarımızın müdafiəsi üçün ona xidmət etməkdən əlindən gələni əsirgəməyiblər. Onlar od-alovlu cəbhəyə üz tutuanda bu yolun qayıdışı olmadığını bilsələr də, yenə Vətən deyib, yola çıxıblar. Belə oğullardan biri də, Fəxrəddin Şahbazov idi.

O, 1950-ci il yanvar ayının 22-də Bakı şəhərində anadan olub. Orta təhsilini 20 saylı Bakı şəhər orta məktəbində başa vuran Fəxrəddin sonra Bakı Neft Texnikumuna qəbul olur. Burada iki il təhsil alan qəhrəman ordu sıralarına çağrılır. O, təhsilini yarım qoyaraq 3 il əsgəri xidmətini yerinə yetirir. Ordu sıralarından tərxis olunan Fəxrəddin Şahbazov sonra texnikumda yarım qalan təhsilini başa vurur. 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində operator olaraq işə başlayan qəhrəman burada 20 il çalışır. Peşəsini sevən Fəxrəddin vətəninə də ürəkdən bağlı idi. 1988-ci ildən ermənilərin qeyri-qanuni torpaq iddialarına başlaması qeyrətli oğullarımız kimi onu da narahat edirdi. Qərbi Azərbaycan torpaqlarından və Qarabağ ərazisindən silah gücü ilə, zorla vətəndaşlarımızın çıxarılmasına, eyni zamanda bölgənin odlu cəbhəyə çevrilməsinə göz yummayan Fəxrəddin könüllü cəbhəyə gedənlər sırasında olur. O, döyüş meydanlarında yaxından iştirak edib, reportajlar hazırlayaraq bölgədə aparılan qeyri-qanuni müharibəni və haqsızlıqları xalqımıza, eləcə də xarici ölkələrə çatdırmağa çalışır. Həmin dövrdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin təşəbbüsü ilə Şuşada teleşəbəkə yaradılaraq hər gün bir saatlıq cəbhədən veriliş hazırlanaraq yayımlanır. Operator olaraq Fəxrəddin hadisələri lent təsvirləri ilə canlandırıb, həqiqətləri xalqa çatdırır. Şuşa teleşəbəkəsi bağlansa da, fəaliyyətini dayandırmayan peşəkar operator həmkarı Alı Mustafayevlə birgə cəbhədən reportajlar hazırlamaq üçün od püskürən müharibə meydanına yollanır.

 1991-ci il noyabr ayının son günləri…

Ağdam rayonunda baş verən hadisələri lentə almaq üçün yola çıxan Fəxrəddin burada ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli faciə törətməsilə bağlı xəbər alır. Qanlı hadisəni işıqlandırmağa can atan operator “Mİ-8” vertolyotu ilə faciə yerinə yaxınlaşan zaman düşmənin atəş açması nəticəsində vertolyot yerə düşərək parçalanır. Hadisə zamanı Fəxrəddin Şahbazov və bütün heyət həlak olur. O, Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilir.

Ömrünün son günlərini od-alovlu cəbhədə keçirən peşəkar operator Fəxrəddin Şahbazov lentə aldığı kadrlarla sübut etdi ki, Azərbaycanın torpaqları onun dinc əhalisindən zorla alınaraq işğal olunub. Düşmən bütün bunları əldə etmək üçün dünyada görülməyən vəşiliyə, zorbalığa əl atıb və Azərbaycan xalqının hüquqlarını kobudcasına pozub.

Vətənin qeyrətli oğlunun göstərdiyi bütün bu xidmətlər ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qəhrəmanın adı əbədiləşdirilərək Kəlvəz kənd tam orta məktəbinə verilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM