Bəhreyn Krallığında ingilis dilində nəşr olunan “The Daily Tribune – News of Bahrain” qəzetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfər Günü: Qəhrəmanlıq, birlik və milli qürurun tarixi təntənəsi” sərlövhəli məqalə dərc edilib.
NTV xəbər verir ki, yazıda Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin siyasi, hərbi və mənəvi nəticələri, eləcə də ölkəmizin gələcək inkişafı və regionda davamlı sülhün təmin olunmasındakı rolu geniş işıqlandırılıb.
Məqalədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyinin, siyasi iradəsinin və diplomatik fəaliyyətinin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığı vurğulanıb. Dövlət başçısının müharibə dövründə beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr vasitəsilə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və informasiya mübarizəsində əldə olunan uğurlar da diqqətə çatdırılıb.
Yazıda 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində hərbi əməliyyatların dayandırılması Ermənistanın məğlubiyyətinin və işğal siyasətinin iflasa uğramasının təsdiqi kimi dəyərləndirilib. Bununla yanaşı, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün, Vaşinqton Bəyannaməsinin imzalanmasının və sülh sazişinin müddəalarının paraflanmasının regionda davamlı sülh və əməkdaşlığın təmin olunması istiqamətində mühüm mərhələ olduğu qeyd edilib.
Müəllif Azərbaycanın Zəfərdən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinə də xüsusi diqqət ayırıb. Azad edilmiş ərazilərdə aparılan sürətli yenidənqurma prosesinin ölkəmizin regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına verdiyi töhfənin bariz nümunəsi olduğu vurğulanıb.
Məqalədə, həmçinin tarixi Qələbənin əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu bildirilib. Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli atributların və dövlət institutlarının formalaşdırılması istiqamətindəki tarixi xidmətlərinin bugünkü uğurların möhkəm təməlini təşkil etdiyi diqqətə çatdırılıb.
Yazının sonunda 8 Noyabr – Zəfər Gününün yalnız hərbi qələbənin qeyd olunduğu tarix deyil, həm də Azərbaycan xalqının milli birliyinin, vətənpərvərliyinin, azadlıq və ədalət uğrunda mübarizəsinin rəmzi olduğu vurğulanıb. Bu əlamətdar günün şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gələcək nəsillərə qəhrəmanlıq, milli qürur, dövlətə sədaqət və Vətən sevgisi aşılayan mühüm mənəvi dəyər kimi səciyyələndirildiyi qeyd olunub.
