Kolumbiyanın aparıcı media platformalarından olan “Las2Orillas” portalında 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Müharibədən sonra sülh qurulur: Kolumbiyaya Azərbaycandan baxış” sərlövhəli məqalə dərc edilib.
NTV xəbər verir ki, məqalədə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eləcə də müharibədənsonrakı dövrdə üzləşdiyi əsas çağırışlar diqqət mərkəzinə çəkilib.
Yazıda vurğulanıb ki, 8 Noyabr – Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də tarixi ədalətin bərpasının, azad edilmiş ərazilərin yenidən qurulmasının və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərin rəmzidir.
Məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” Proqramı barədə ətraflı məlumat verilib. Eyni zamanda, infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin salınması, təhsil, səhiyyə və iqtisadi inkişaf sahələrində görülən işlərə diqqət yetirilib.
Müəllif mina təhlükəsinin Azərbaycanın qarşısında duran ən ciddi humanitar problemlərdən biri olaraq qaldığını qeyd edib. Bildirilib ki, mina və partlamamış hərbi sursatlar həm əhalinin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtmasına, həm də azad edilmiş ərazilərdə bərpa prosesinin sürətlənməsinə ciddi maneə yaradır.
Yazıda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara da toxunulub. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, regional əlaqələrin genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Müəllif Azərbaycanın və Kolumbiyanın münaqişə tarixinin və siyasi şəraitinin fərqli olduğunu bildirsə də, hər iki ölkənin müharibədən sonrakı bərpa, zərərçəkmiş əhalinin müdafiəsi, mina təhlükəsi ilə mübarizə və münaqişədən təsirlənmiş ərazilərin inkişafı sahələrində müəyyən ortaq təcrübələrə malik olduğunu qeyd edib.
Məqalənin əsas mesajı ondan ibarətdir ki, dayanıqlı sülh yalnız hərbi əməliyyatların başa çatması və ya siyasi razılaşmaların əldə olunması ilə təmin edilə bilməz. Bunun üçün insanların təhlükəsiz və ləyaqətli həyat şəraitinin yaradılması, dağıdılmış ərazilərin bərpası və gələcək nəsillər üçün davamlı inkişaf imkanlarının təmin edilməsi vacibdir
