Bu gün Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günüdür

Bu gün Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günüdür

2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən azərbaycanlı general-mayor Həzi Aslanov 1910-cu il yanvar ayının 22-də Lənkəran şəhərində anadan olub. Orta təhsilini 1 saylı orta məktəbdə alan Həzi Aslanov 13 yaşında atasını itirir. Savadsızlığın ləğvi üzrə üçaylıq gecə kursunu bitirən Həzi Aslanov məktəbdə uşaq təşkilatının rəhbəri kimi fəaliyyət göstərir. Qısa zamanda o, komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir. Həzi Aslanov hərbi hazırlıq məktəbini uğurla bitirib, Leninqradda yerləşən Borisoqlebski-Leninqrad süvari məktəbinə göndərilir. Burada da uğurla buraxılış imtahanını verən qəhrəmana vzvod komandiri rütbəsi verilərək süvari komandiri təyin olunur. O, rütbəsinə uyğun olaraq Ukraynada yerləşən Kotovski adına III Bessarabiya süvari diviziyası 15-ci süvari alayında vzvod komandirliyinə təyin olunur. Daima vəzifələrdə önə çəkilən Həzi Aslanov İkinci dünya müharibəsi başlananda Kareliyaya göndərilir.

Sovet qoşunlarının qələbəsi nəticəsində, 12 mart 1940-cı ildə SSRİ ilə Finlandiya arasında sülh müqaviləsi imzalanır və Həzi Aslanova mayor rütbəsi verilir. Almanlar Ukrayna paytaxtına şimal-şərqdən daxil olmağa cəhd edərkən Şostka, Baxmaç, Piryatin rayonları uğrunda döyüşdə Həzi Aslanov sağ ayağından və başından ağır yaralanaraq, ehtiyat alaya çağırılır. 1941-ci ildə Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. O, şücaətlərinə görə ilk döyüş təltifini – “Qırmızı ulduz” ordenini alır. Kotelnikovo yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf edib, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarırlar. Bütün bu xidmətlərinə görə podpolkovnik Həzi Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Həzi Aslanov 1944-cü il martın 13-də tank qoşunları general mayoru rütbəsinə yüksəlir. Həmin ilin iyun ayında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçir. Belarusiyanı və şəhərin dəmiryollarını azad edən tank qoşunları sonra Vilnüsə hücum edib uzun mübarizədən sonra düşmənə ağır zərbələr vurur. Döyüş qələbə ilə sonlandığına görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, generalın özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülür. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi döyüşür.

Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Priyekule yaxınlığında döyüş meydanından kənarda, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə ağır yaralanır. Həmin vaxt Moskovaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, cəbhənin komandanı olan erməni Baqramyanın əmri ilə təyyarə işə salınmır. O, bir gün sağ qalsa da, müalicə olunmadığı üçün vəfat edir.

Yazıçı-jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” adlı sənədli kitabında qeyd edir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olub. Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O, dedi: “Həzi Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili sürətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı”. Beqiaşvilinin fikirincə, Həzi Aslanov qətlə yetirilib.

Həzi Aslanov Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Böyük Vətən müharibəsində göstərdiyi şəxsi igidliyə görə Həzi Aslanov 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunub. General-mayor Həzi Aslanov ikinci dəfə yüksək ada layiq görülsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İvan Xristoforovoç Baqramyan buna maneçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Xatirəsi əziz tutulan qəhrəmanın Bakıdakı məzarı üzərində abidəsi ucaldılıb. Lənkəran şəhərinin mərkəzində böyük heykəli qoyularaq doğulduğu evdə muzeyi açılıb. Bakı və Bərdə şəhərlərində küçələrdən birinə və Bakı metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Xəbər lenti
Bəhruz Kəngərli dünyası

15:39 22.01.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM