Naxçıvanda onkoloji xəstəliklər: mövcud vəziyyət və müalicə imkanları - FOTOLAR

Naxçıvanda onkoloji xəstəliklər: mövcud vəziyyət və müalicə imkanları<font color=red> - FOTOLAR</font> Naxçıvanda onkoloji xəstəliklər: mövcud vəziyyət və müalicə imkanları<font color=red> - FOTOLAR</font>

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü “Ümumdünya Xərçənglə Mübarizə Günü” kimi qeyd edilir. Bu günün təsis səbəbi diqqəti bu qlobal problemə yönəldərək xəstəliyin təhlükəsini və müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Xərçəng anormal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsi və yaxud orqanizmdə özünü büruzə verən bir çox xəstəliyin ümumi əlamətidir. Həmin proses və yaxud termin metastaz adlanır ki, xəstəlikdən ölüm halının başlıca səbəbidir. Erkən müdaxilə edilərsə, xəstəliyin üçdə bir hissəsini və yaxud 40 faizə qədərinin qarşısını almaq mümkündür. Məsləhət görülür ki, konserogen maddələrdən bacardıqca uzaq olmaq lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onkoloji xəstələrin, təxminən, 70 faizi şüa terapiya qəbul edir. Əsasən, ölüm halları ağciyər, qaraciyər, mədə, yoğun bağırsaq və süd vəzi xərçəngindən baş verir. Bunların üçdə biri isə yüksək çəki, meyvə tərəvəzdən az qidalanma, fiziki fəallığın olmaması, tütün və alkoqol istifadəsi nəticəsində baş verir.

2009-cu ildə Milli Onkoloji Mərkəz, 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərin molekulyar diaqnostikası laboratoriyaları, 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb mərkəzlərinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində uğurlu irəliləyişlər baş verib.

Naxçıvan Muxtar Respublikasında da xərçəng xəstəliyi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Həkimlər mediada, sosial şəbəkələrdə xərçəng xəstəliyi haqqında çıxışlar edərək əhali arasında vaxtaşırı profilaktik tədbirlər aparıblar. Bəs muxtar respublikada vəziyyət necədir? İllər üzrə artım, ya azalma var bu xəstəliyə qarşı mübarizədə?

NUHÇIXAN-a müsahibəsində Naxçıvan Onkoloji Mərkəzinin baş həkimi vəzifələrini icra edən onkoloq həkim Minarə Zeynalova bildirir ki, sənayesi inkişaf etmiş ölkələrdə bu xəstəliyə daha çox rast gəlinir. Bu səbəbdən sənaye sahəsinda çalışanlar mütəmadi müayinələrdən keçməlidir. Bəzi xərçəng növləri vaxtında aşkarlanarsa, xəstəlikdən sağalma 95-100 faiz nəticə verər. Məsələn, süd vəzi xərçənginə nə qədər çox rast gəlinsə də, son illərdə bu xəstəlikdən ölüm faizində xeyli azalma müşahidə olunur.

2023-cü ildə 1088 nəfər xərçəng diaqnozu ilə qeydiyyata alınıbsa, 2024-cü ildə 1581 nəfər bədxassəli şiş diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Qeydiyyatda olanlardan süd vəzi (492) və ağciyər xərçəngi (116) diaqnozu olan xəstələrin sayı ilk iki sıradadır. Növbəti yerləri isə mədə-bağırsaq xərçəngi (114) diaqnozlu xəstələr tutur.

Artıq bir çox onkoloji xəstəliklərin həm müayinəsi, həm də müalicəsi Naxçıvan Onkoloji Mərkəzində aparılır. Mərkəz xəstəliklərin erkən müayinəsi üçün zəruri olan avadanlıqlarla təchiz edilib. Mammoqrafiya, rentgen, USM laborator analizlərin aparılması, süd vəzi və xərçəngönü xəstəliklərin aşkarlanmasında diaqnostik əhəmiyyətə malikdir.

Obliqat qrupların vaxtında aşkarlanması və müalicəsinin aparılması, sağlam həyat tərzinin vacibliyi, zərərli vərdişlərdən uzaqlaşmaq, düzgün qidalanma barədə maarifləndirici məlumatları paylaşmaq xəstəliyin profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Lakin təyin olunan vaxtlarda mammoqrafiya, USM, kolonoskopiya, PSA, Pap-smear testleri, endoskopik müayinələrdən keçməklə də tibbi profilaktikanı həyata keçirmək lazımdır.

Mərkəzdə poliklinika, stasionar, radiologiya, şüa diaqnostika, laboratoriya və cərrahi şöbələr fəaliyyət göstərir. Burada xəstələrə radioterapiya və kimyaterapiya xidməti göstərilir. Bu yaxınlarda kimyaterapiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə yeni avadanlıqlar mərkəzin istifadəsinə verilib, bəzi avadanlıqların isə satınalma prosesinə start verilib.

Xərçəng xəstələri Milli Onkoloji Mərkəz tərəfindən əvəzsiz dərmanlarla, pulsuz ağrıkəsicilərlə təmin olunur. Bu da muxtar respublikada bütün sahələrdə şəffaf xidmətin əvəzsiz təminatıdır.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM