Cümə günündən etibarən Egey dənizindəki Yunanıstana məxsus Santorini və Amorqos adaları arasında zəlzələlər qeydə alınıb və bu, səlahiyyətliləri Santorini və yaxınlıqdakı İos, Amorqos və Anafi adalarında məktəbləri bağlamağa məcbur edib.
NUHÇIXAN-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, artıq dördüncü gündür ki, Yunanıstan adasını silkələyən onlarla yeraltı təkan səbəbindən insanların Santorinini tərk etmələrinə kömək etmək üçün əlavə uçuşlar təşkil olunub.
“Reuters” xəbər verir ki, bazar ertəsi Santorinidə bəzilərinin maqnitudası 4-dən çox olan zəlzələlər bir neçə dəqiqədən bir baş verib. Ehtiyat tədbiri olaraq adaya fəlakətlə mübarizə bölmələri yerləşdirilib.
Mütəxəssislər bildirirlər ki, ən çox məskunlaşan ərazilərinin bəziləri sıldırım qayalıqlarda yerləşən adada seysmik aktivlik həftələrlə davam edəcək.
Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, daimi sakinlər zəlzələlərə öyrəşdikləri üçün xüsusilə narahat deyillər, lakin turistlər adanı kütləvi şəkildə tərk edirlər.
“Aegean Airlines” aviaşirkəti Yunanıstan Mülki Müdafiə Nazirliyinin tələbi ilə ada sakinləri və qonaqları təxliyə etmək üçün Santoriniyə və əks istiqamətdə əlavə uçuşlar təşkil etdiyini bildirib.
Santorini bəşər tarixində ən böyük vulkan püskürmələrindən birinin baş verdiyi adadır.