Azərbaycanda meyvə bağlarının şaxta və digər hadisələrdən sığortası başlayıb

Azərbaycanda meyvə bağlarının şaxta və digər hadisələrdən sığortası başlayıb

Azərbaycanda meyvə bağlarının şaxtadan və digər risklərdən sığortası mövsümü başlayıb.

Aqrar Sığorta Fondundan NUHÇIXAN-a bildirilib ki, meyvə bağı olan fermerlər və təsərrüfat sahibləri aqrar sığorta vasitəsilə bağlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.

Aqrar sığorta əkin sahələrini, o cümlədən meyvə bağlarını 30-a yaxın riskdən qoruyur.

Buraya şaxtavurma (donvurma), dolu, doludan keyfiyyət itkisi, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, vəhşi heyvanların və quşların hücumu, leysan yağışları və sair aiddir.

Meyvə bağı sahibləri aqrar sığorta vasitəsilə bağdakı meyvələri, ağacları və tingləri sığorta edə bilərlər. Meyvə bağına bu hadisələr nəticəsində zərər dəydikdə 10 faizlik azadolma məbləği çıxılmaqla qalan ziyan fermerə ödənilir.

Fermerlər üçün aqrar sığortanın əsas üstünlüyü sığorta haqqına olan 50 faizlik dövlət dəstəyidir. Belə ki, meyvə bağı sığortasında sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə bağlarını sığorta edə bilərlər.

Məsələn:

-meyvə bağında 1000 manatlıq məhsulu sığortalamaq üçün sığorta haqqı şaftalı-nektarin üzrə 12,8 manatdan, ərik üzrə 11,2 manatdan;

-gilas və albalı bağında 1000 manatlıq məhsulun sığortalanması üçün fermerin ödədiyi məbləğ 17-18 manatdan, xurmada 11 manatdan, alça və gavalı bağlarında isə 17,6 manatdan;

-meyvə bağında 1000 manatlıq alma-armudu sığorta etmək fermerə 16,4 manata, heyva bağında 13 manata, hər 1000 manatlıq nar məhsulunun sığortası isə cəmi 8,2 manatdan;

-narıngi-portağal bağlarında 1000 manatlıq meyvənin sığortası 12,9 manatdan, qoz-fındıq bağlarında isə 7-10 manatdan başlayır.

Azərbaycanda meyvə bağlarının sığortası və baş verən hadisələrə görə sığorta ödənişləri sürətlə artmaqdadır. Belə ki, 2024-cü ilin ilkin məlumatlarına görə, ölkə üzrə meyvə bağlarına dəyən zərərlər üzrə təqribən 720 min manat sığorta ödənişi həyata keçirilib və bu məbləğ davamlı olaraq artmaqdadır.

Meyvə bağları, əkin sahələrini, iri və xırdabuynuzlu heyvanlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.

Məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi veb-saytından almaq olar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM