Zəngəzurdan Naxçıvana gedən sonuncu qatarın maşinisti danışır: Mənə görə o qatar hələ də yoldadır! - FOTOLAR

Zəngəzurdan Naxçıvana gedən sonuncu qatarın maşinisti danışır: Mənə görə o qatar hələ də yoldadır!<font color=red> - FOTOLAR</font> Zəngəzurdan Naxçıvana gedən sonuncu qatarın maşinisti danışır: Mənə görə o qatar hələ də yoldadır!<font color=red> - FOTOLAR</font> Zəngəzurdan Naxçıvana gedən sonuncu qatarın maşinisti danışır: Mənə görə o qatar hələ də yoldadır!<font color=red> - FOTOLAR</font>

Dəmir yolları dünyanın qan damarlarıdır. Müsahibim isə ömrünün 43 ilini dəmir yollarında keçirən Tahir Abuzərovdur. O həm də Zəngəzurdan gələn son qatarın maşinistidir. Ömrünü bu yolda qurban verib. Qatarlara öz övladı kimi baxan maşinist işinin peşəkarı olmaqla yanaşı,  bu peşəni gözüyumulu icra etdiyini də söyləyir.

Dəmir yolları dünyaya inteqrasiya və ortaq mədəniyyət nümunəsidir. Bu yolları qırıb dağıtmaq isə barbarlıq, vəhşilik və yağmalamaq əlamətidir. Bir neçə dəfə qatarla xarici ölkəyə səfər edərkən sərhəddə və yaxud şəhərlərdə qatara gül atan, şokalad atan adamlar gördüm. Bu ən incə, ən səmimi qarşılama və yola salma halıdır. Bizim mənfur qonşumuz Ermənistan isə qatarlarımıza atəş açır, sərnişinlərin can güvənliyini təhdid edir. Bir yerdə ümid, digər yerdə təhdid və qorxu.

Heç nə məni Zəngəzurdan keçən sonuncu qatar qədər kövrəltmədi

Zəngəzurdan Naxçıvana gedən son qatarın maşinisti Tahir Abuzərov NUHÇIXAN-a  müsahibəsində bildirir ki, o günlər üçün burnumun ucu göynəyir. 65 yaşım var 1978-ci ildən Culfa Lokomotiv Deposunda çalışmışam. Depoda müxtəlif vəzifələrdə çalışa-çalışa imtahan verib 1989-cu ildə maşinist vəzifəsinə yüksəlmişəm. Sutka ərzində bir dəfə hərəkət edən Bakı-Naxçıvan qatarı 12 saata yol qət edirdi.

Qatar mənim həyatımdır. O mənim uşağım kimidir. Uşaqlarıma necə davranıramsa, qatarada elə davranıram. Gecəmi gündüzümə qatıb bu peşəni sevə-sevə icra etmişəm.

1991-ci il mənim çün çox çətin oldu. Ermənilər yolu bağladı. Elə vaxtlar olub ki, 35 saat yolda qalmışıq. Heç nə məni Zəngəzurdan keçən sonuncu qatar qədər kövrəltmədi. Əlimdə olsa, zamanı durdurardım. Yol bağlanmamışdan bir neçə gün qabaq bilirdik gətirdiyimiz bütün qatarlar sonucu qatardır. Silah altında gedib gəlirdik. Son günlər qorxulu olduğu üçün gedib-gəlmək qatarlarda sərnişin zəifliyi müşahidə olunurdu. Bir vaxtlar o qatarlarda yer tapmaq mümkün olmurdu. Ən son qatar saat 12 radələrində Salamməlik perronunda dayandı və bizim sonuncu Bakı-Naxçıvan səfərimiz oldu.

-Tahir əmi 43 ildə elə bir vəziyyət yarandımı ki, siz qatar idarəçiliyində çətin qərar və yaxud seçim qarşısında qalasız?

-İki dəfə belə vəziyyət olub. Bir dəfə ermənilər bizi Meqridə manevrni teplovozla baş-başa buraxıblar. Stansiyanın tam ortasında çox çətin qərar qarşısında qalsaq da, qatarın toqquşmasının qarşısını ala bildik. İkinci dəfə isə Astazurda iki yük qatarı ilə baş-başa buraxılmışıq. Burada da peşəkarlıq nəticəsində təhlükəli vəziyyətdən sağ-salamat çıxdıq və həmin hadisəyə görə mükafata laiq görüldük.

-Bu hadisələr qəsd idi ya səhvlik?

-Qonşumuz ermənidirsə, orada səhvlikdən söhbət gedə bilməz. Onlar həmişə ziyan vurmağa, qırğın törətməyə meyilli olublar.

-Ermənistan ərazisindən keçəndə qatarlara atəş açılırdı?

-Bəli. Yollar bağlanana yaxın belə hallar tez-tez olurdu. Allah rəhmət etsin, Mütəllimov Şahmərdan var idi. Onun lokomotivinə atəş açmışdılar. Həmin qatarda bir neçə yerdə güllə deşib içəri keçmişdi. Həmçinin Şahmərdanın plaşını asdığı veşilkada plaşı deşib keçmişdi. O da elə hey zarafatla deyərdi: Nə yaxşı ki, plaşın içində deyildim.

-Dəmir yolu sizin üçün nə kəsb edir?

-Hal-hazırda heç nə. Qanadı qırıq quş kimi hiss edirəm özümü. Vaxtilə qatar sükanı arxasında maneəsiz sərhədlər aşırdıq, indi isə o dəmir yollarını ermənilər qırıb-dağıdıb sıradan çıxarıb, bununla da qalmayıb sağına-soluna minalar döşəyiblər  o yolların.

-Yol açılsa qatarları kim aparacaq Bakıya?

-İnşallah, yol açılsın ehtimal edirəm ki, qatarları biz yaşlı nəsil apararıq Bakıya. Çünki o yollara ən gözəl bələd olan bizik. Gənc nəsil, demək olar ki, o yolu görmüyüb. Çünki 35 ilə yaxındır ki, yollar bağlıdır. Deməli, yola təcrübəli mütəxəssis lazım olacaq. Bizim praktikamız çoxdu.

-Son arzunuz nədir?

-Allah ömür versə, yolların açılmasını görsəm, sınaq qatarını özüm sürüb aparacam Bakıya. Təbii ki, təklif etsələr.

Tahir əmi danışdı biz isə dinlədik 43 ilini qatar sükanı arxasında keçirən bu həssas adamı. Sanki sonuncu qatarla onunda səs-küyü kəsilmiş, öz səssizliyində sükut etmişdi. O, indi həsrət qalıb cavanların itələşə-itələşə, dartına-dartına stansiyada qatarın açılan qapılarına basabasla daxil olmasına. O, indi xəyalən uzaqlara dalıb maşinist kabinəsindən gələcəyin “gələcəyinə” baxırdı. Bəlkə də, hər gün xəyalına gəlir ki, sonuncu qatar Salamməliyə çatanda sərnişinlərin çoxu vaqondan endi. Hərə bir səmtə üz tutub deyinə-deyinə, didişə-didişə getdi. Bir qatar, bir də o tək qaldı. Sonuncu dəfə qatar nəfəs alırmış kimi qatı tüstü buraxdı. Sonra əbədilik susdu. Həmin gündən sonra o relslərdə bir daha qatar görünmədi. Amma onun üçün o qatar hələ də dayanmayıb. Bəlkə də, hər gecə yuxularında relslər boyunca uzaqlara gedir, hər dəfə yuxudan qatarın fitinə oyanır. Və bir daha əmin olur ki, o qatar hələ də yoldadır.

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM